Son günlər manatın yenidən devalvasiya olacağı barədə xəbərlər ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Mərkəzi Bankın “həm nağd, həm də qeyri nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur” bəyanatı, manatın nisbi (0,09 qəpik) bahalaşması valyuta dəyişmə məntəqələrində avqustun 22-si və 23-də müşahidə edilən ajiotajı qismən sakitləşdirsə də, gərginlik tam aradan qalxmayıb.
Mərkəzi Bankın avqustun 25-nə müəyyənləşdirdiyi məzənnəyə əsasən, 1 dollar 1.0466 manat, avro isə 1,2078 manat təşkil edib. Qeyd edək ki, avqustun 24-də 1 dollar 1.0470 manat, avro isə 1,1994 manat olub.
Amma bununla belə, son günlər baş verənlər göstərdi ki, Bakıda manatı qiymətdən salmaq istəyən müəyyən qüvvələr var və onlar əllərində olan nağd manat vəsaitlərini bazara ataraq süni ajiotaj yaradırlar. Bu ajiotaj nəticəsində sadə vətəndaşlar manatın yenə devalvasiyaya uğrayacağını düşünərək evdə olan bütün manat vəsaitlərini dollara çevirməyə çalışırlar.
Qeyd edək ki, Azərbaycanda fevralın 21-də manat ucuzlaşdıqdan sonra prezident İlham Əliyev maraqlı bir açıqlama vermişdi. “Bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdı. Sadəcə, bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində günə azı 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi” deyə, prezident bildirmişdi.