Dünya çempionatında qeyri-adi vəziyyət: İran hər oyundan sonra ABŞ-ni tərk edəcək

Dünya çempionatında qeyri-adi vəziyyət: İran hər oyundan sonra ABŞ-ni tərk edəcək
İDMAN
16:34 14.06.2026
226
İran millisinin nümayəndə heyətinin dörd üzvü dünya çempionatında iştirak etmək üçün ABŞ vizasının verilməməsi ilə bağlı qərardan uğurla şikayət edib.

Bu barədə BBC məlumat yayıb.

Viza ala bilən şəxslər arasında komandanın texniki heyətində analitik kimi çalışan əməkdaş və İran Futbol Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin iki nümayəndəsi də var.

Bununla belə, İran millisinin daha 11 nümayəndəsi viza problemini hələ də həll edə bilməyib. Onlar komandanın məşq bazasının yerləşdiyi Meksikaya gəldikdən sonra ABŞ- yə giriş icazəsi almaq üçün yenidən müraciət ediblər.

Məlumata görə, altı nəfərə, o cümlədən İran Futbol Federasiyasının prezidenti Mehdi Taca yenidən imtina cavabı verilib.

İran millisi dünya çempionatında üç oyununu ABŞ ərazisində keçirəcək. Lakin viza problemləri səbəbindən komanda hər oyundan sonra ABŞ-ni tərk etmək məcburiyyətində qalacaq.

İlkin plana əsasən, İran yığmasının düşərgəsi ABŞ-nin Arizona ştatında yerləşməli idi. Lakin ABŞ ilə İran arasında yaşanan silahlı qarşıdurma və nümayəndə heyətinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən İran tərəfi məşq bazasının Meksikaya köçürülməsi üçün FIFA-ya müraciət edib.

Qrup mərhələsində İran millisi İnqlvud şəhərində Yeni Zelandiya (15 iyun) və Belçika (21 iyun), daha sonra isə Sietldə Misir (26 iyun) yığması ilə qarşılaşacaq.

oxu.az
OXŞAR XƏBƏRLƏR