Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA

Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
SİYASƏT
16:49 16.11.2026
345
"Son günlərdə dünya liderlərinin rəsmi sosial şəbəkə hesablarına qarşı təşəbbüs edilən kiberhücumlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə çevrilib. ABŞ Prezidenti Donald Trampın və İsrail Baş naziri Benyamin Netanyahunun hesablarına qarşı edilən hücumların ardınca, Azərbaycan Prezidenti İlham Əliyevin hesablarına da hücumlar yönəldilməsi bu təhlükənin sistemli bir xarakter qazandığını göstərir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departament rəhbəri Fərid Musayev bildirib. O qeyd edib ki, dünya liderlərinin rəqəmsal varlığı, dövlət təhlükəsizliyinin ayrılmaz hissəsi hesab olunur:

"Onların sosial media platformaları sadəcə ünsiyyət vasitəsi deyil, həm də dövlət siyasətinin ifadə edildiyi, strateji mesajların verildiği və kütləvi rəyin formalaşdırıldığı kritik kommunikasiya kanallarıdır. Bu hesabların təhlükəsizliyi ən yüksək səviyyədə qorunduğu halda, qarşıya çıxan bu "sərhəd pozuntuları" ciddi suallar yaradır: Bu hücumların arxasında kim durur və əsl məqsəd nədir? Bu növ mürəkkəb hücumlar adətən üç əsas qrup tərəfindən icra olunur. Dövlət dəstəkli kiber-dəstəkli qruplar  ən böyük ehtimal budur. Bu qruplar yüksək texnoloji imkanlara malikdir və birbaşa dövlətin kəşfiyyat və ya hərbi strukturuna bağlı işləyirlər. Onların məqsədi xaos yaratmaq və ya strateji məlumat sızdırmaqdır. Haker qrupları və ideoloji hərəkətlərə baxsaq müəyyən siyasi və ya ideoloji məqsədlər uğrunda fəaliyyət göstərən, lakin dövlət səviyyəsində resursları olan daha təşkilatlı qruplar. Onlar diqqət çəkmək və rəqib dövlətin imicini zədələmək üçün bu üsuldan istifadə edirlər.

Kiber-terrorçular və cinayətkar şəbəkələr: Bəzən məqsəd sadəcə qarışıqlıq yaratmaq və ya manipulyasiya vasitəsilə kütlələrin reaksiyasını ölçmək olur. Liderlərin hesabları çox vaxt ikiqat və daha çox faktorlu autentifikasiya (2FA) ilə qorunsa da, hücumçular müxtəlif metodlardan istifadə edə bilər”.

Ekspertin sözlərinə görə, bu hücumların tək bir səbəbi olmaya bilər:

"Dezinformasiya və manipulyasiya: Ən təhlükəli ssenari liderin adından saxta bəyanatların verilməsidir. Bu, bir dövlətin iqtisadiyyatına zərbə vura, əhalini üsyan etməyə təşviq edə və ya beynəlxalq krizislərə yol aça bilər. Psixoloji müharibə: Liderlərin "qorunmasız" olduğunu göstərməklə, həm xalqın, həm də beynəlxalq tərəfdaşların dövlət təhlükəsizliyinə olan inamını sarsıtmaq məqsədi daşıyır. Kəşfiyyat və məlumat toplama: Hesablar vasitəsilə liderin və ya onun yaxın çevrəsinin rəqəmsal izlərini, kommunikasiya vərdişlərini və gizli məlumatlarını əldə etmək istəyirlər. Müəyyən bir dövlətin və ya liderin nüfuzunu beynəlxalq arenada aşağı salmaq üçün edilən simvolik hərəkətlər üçün də bu yola əl atırlar. Nəticə olaraq, rəqəmsal dünyada güc balansının dəyişməsi ilə birlikdə, kiberhücumlar artıq sadəcə texniki bir məsələ deyil, bir dövlətin suverenliyini və təhlükəsizliyini birbaşa hədəf alan strateji silah formasına düşüb”.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR