İyulun 12-də Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirir.
İmtahanda namizədlərə icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqları üzrə hər sual 0.5 balla qiymətləndiriləcək, keçid balı isə 55-dir.
İmtahanda Bakı və regionlardan 523, Naxçıvan Muxtar Respublikasında isə 104 namizəd iştirak edir.
Namizədlər test imtahanını yekunlaşdırdıqdan sonra topladıqları balla tanış olmaq imkanı əldə edəcəklər.
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və müsahibədə iştirak etmək istəyən şəxslər "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Təqdim etdiyi sənədlərə görə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.











































