ƏƏSMN-in rəqəmsal layihəsi beynəlxalq mükafata layiq görüldü

ƏƏSMN-in rəqəmsal layihəsi beynəlxalq mükafata layiq görüldü
SOSİAL
12:08 14.07.2026
305
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi BMT-nin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkil etdiyi "WSIS Prizes 2026” beynəlxalq müsabiqəsində növbəti uğura imza atıb.

AZXEBER.COM xəbər verir ki, Nazirliyin "Himayədar ailə” qayğı modeli üzrə elektron sistemi 1500-dən çox layihənin iştirak etdiyi müsabiqədə "İnformasiya cəmiyyətinin etik aspektləri” kateqoriyası üzrə qalib seçilərək mükafata layiq görülüb.

Elektron sistem valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsini və inkişafını dəstəkləyən "Himayədar ailə” xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsinə imkan yaradır. Sistem vasitəsilə himayədar ailələrin qeydiyyatı, qiymətləndirilməsi, uyğunlaşdırılması və monitorinqi kimi proseslər elektron qaydada idarə olunur.

Bununla yanaşı, Nazirliyin "Rəqəmsal əmək müqavilələri” layihəsi "Elektron məşğulluq”, "Əlillik” altsistemi isə "İnformasiya cəmiyyətinin etik aspektləri” kateqoriyası üzrə Namizədlik Sertifikatına layiq görülüb.

Qeyd edək ki, "WSIS Prizes” informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə dayanıqlı inkişafı təşviq edən innovativ layihələri mükafatlandıran nüfuzlu beynəlxalq müsabiqələrdən biridir. Nazirliyin əldə etdiyi bu uğur ölkədə sosial xidmətlər sahəsində həyata keçirilən rəqəmsal islahatların beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.
OXŞAR XƏBƏRLƏR