AZXEBER.COM xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Belə ki, əmək şəraiti zərərli və ağır olan, yeraltı işlərdə çalışan, eləcə də əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginlik tələb edən işçilər altı təqvim günündən az olmamaqla əlavə məzuniyyətlə təmin edilirlər. Əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı isə müvafiq qaydada təsdiq edilir.
Qanunvericilikdə uşaqlı qadınlar üçün də əlavə məzuniyyət hüququ müəyyən olunub. Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara iki təqvim günü, 14 yaşınadək üç və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınlara isə beş təqvim günü əlavə məzuniyyət verilir.
Uşaqlarını təkbaşına böyüdən atalar, həmçinin uşaqları övladlığa götürmüş şəxslər də bu hüquqdan istifadə edə bilərlər.











































