Elnur Aslanov: “Azərbaycanın müstəqil siyasi xəttinə və sosial iqtisadi inkişafına qısqanclıqla yanaşan xarici və daxili qüvvələr var”

SİYASƏT
16:20 30.08.2013
2313

Bu gün Azərbaycan sürətlə inkişaf edir, onun əhəmiyyəti regional çərçivəni aşıb, qlobal xarakter alıb.

AZXEBER.COM xəbər verir ki, bunu ASAIF-in 30 avqustda keçirilən XI forumunda çıxışı zaman Prezident Administrasiyasının (PA) siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov dilə gətirib.Onun dediyinə görə, təsadüfi deyil ki, Azərbaycan BMT Təhlkəsizlik Şurasına qeyri-daimi üzv seçilib, Avropanın qaz təchizatında əsas aktorlardan birinə çevrlib və bu uğurlar hər bir vətənpərvər azərbaycanlını sevindirir.PA rəsmisi deyib ki, hazırda Azərbaycan Cənubi Qafqazın 85% iqtisadiyyatını təşkil edir, siyasi sabitlik və həyata keçirilən iqtisadi islahatlar Azərbaycanın öz milli xüsusiyyətlərinə uyğun yeni inkişaf modelini təyin etməsinə rəvac verib:“Son 10 ilin iqtisadi göstəriciləri çox uğurludur.Misal üçün iqtisadi artımın yüksək tempi bəzi illərdə 35%-ə çatıb, yoxsulluq kəskin azalıb,yəni, 2003-cü ildə 47%-dən hazırda 6%-ə enib, yeni iş yerlərinin yaradılması sayəsində işsizliyin səviyyəsi aşağı düşüb.Bu siyahını davam etdirmək olar, sadəcə qeyd etmək istəyirəm ki, bütün bu göstəricilər ölkədə yeni iqtisadi fəaliyyət sahələrinin yaradılmasının və ölkə iqtisadiyyatının sağlam özüllər üzərində və şaxəli şəkildə inkişaf etməsinin bariz nümunəsidir.Cənab Prezidentin hazırkı siyasəti Azərbaycanın gələcək inkişaf perspektivlərinin möhkəm əsaslarını hazırlayır. Azərbaycanın inkişaf konsepsiyası çox mütərəqqi xarakter daşıyır və müxtəlif elementləri özündə ehtiva edir. Onlardan biri gənclərə yüksək keyfiyyətli təhsil imkanlarının yaradılması. Bu amilin əhəmiyyəti haqqında məndən əvvəlki natiqlər danışıblar, mən də bir neçə fikri əlavə qeyd etmək istəyirəm.Prezident İlham Əliyev “qara qızılın insan kapitalına çevrilməsi”nə, xüsusilə yüksək elmi biliklərə malik yeni kreativ nəsil gənclərin formalaşmasına xüsusi önəm verir. Çoxlarınızın təhsil aldığınız bu proqram uğurla davam etdirilir və təhsil almağa göndərilən tələbələrin sayı ildən ilə artır.Əgər onlar seçim edib təhsil aldıqları ölkədə qalıb işləmək istəsələr, biz yenə də yatırılan investisiyanı itirmirik, əksinə onların simasında Azərbaycanın gələcək lobbi nümayəndələrini qazanmış oluruq. Bu isə Azərbaycana yeni təbliğat imkanları verir, onun “mülayim güc” (soft-power) imkanlarını genişləndirir”.E.Aslanovun sözlərinə görə, tələbələr öz təhsillərini uğurla bitirib, yüksək keyfiyyətli təhsil almalıdırlar, bu, onların ilkin məqsədidir:“Eyni zamanda, onlar öz təhsilləri ilə yanaşı asudə vaxtlarından səmərəli istifadə edərək, Azərbaycan haqqında məlumatların yayılması işinə töhfə verə bilərlər. Bunun uçun elmi tədbirlərdə fəal iştirak etmək, Azərbaycanla bağlı müxtəlif mövzularda çıxış etmək, elmi məqalələr və əsərlər yazmaq lazımdır.Dünyanın bir çox ölkələrində Azərbaycanla bağlı informasiya qıtlığı var. Yazılan məqalələrin sayı azdır, bəziləri isə qərəzli şəkildə ermənipərəst müəlliflər tərəfindən qələmə alınıb. Azərbaycanlı gənc tələbələr bu məsələyə həssaslıqla yanaşmalı, öz elmi potensiallarından səmərəli istifadə etməlidirlər”.PA rəsmisi bildirib ki, müasir Azərbaycan, dəyişən Bakı bu gün Şərqlə Qərbin arasında olan ən gözəl, sabit, inkişaf edən bir məmləkətə çevrilir:“Lakin Azərbaycanın müstəqil siyasi xəttinə və sosial iqtisadi inkişafına qısqanclıqla yanaşan xarici və daxili qüvvələr də var. Onlar Azərbaycan daxilində sabitliyi pozmağa, milli inkişafa mane olmağa çalışırlar. Biz, əlbəttə, bunların qarşısını birlikdə alacağıq. Biz imkan vermərik ki, həmin qüvvələr Azərbaycanın inkişafına zərrə qədər də ziyan vursunlar.Azərbaycan həyata keçirdiyi layihələr bu gün regionun stabil və uzunmüddətli inkişafına öz töhfəsini verir. Cənubi Qafqaz artıq dünyanın əsas beynəlxalq nəqliyyat dəhlizlərindən birinə çevrilir. Azərbaycanla Gürcüstan arasında inkişaf etdirilən əməkdaşlıq və strateji tərəfdaşlıq bu uğurlu nəticənin əldə edilməsinə imkan vermiş, hər iki dövlətin gələcək inkişaf perspektivlərini təyin etmişdir.Ermənistanda isə vəziyyət həqiqətən acınacaqlıdır. Ölkə iqtisadiyyatının tənəzzülü əhalini yeni və yaxşı həyat arzusu ilə xarici ölkələrə emiqrasiya etməyə məcbur etmişdir. Emiqrasiya prosesi bu gün də davam edir. Ermənistanın rəsmi statistik göstəricilərinə görə, son illərdə əhalinin 10%-i ölkə hüdudlarını tərk etmişdir. Qeyri rəsmi mənbələrə görə isə bu rəqəm daha yüksəkdir.Bu prosesdə gənclər daha fəaldırlar, onlar öz gələcəklərini boş yerə qurban vermək istəmirlər. Yaranmış vəziyyətin əsas səbəbi ermənilərin öz dövlətlərinə, rəhbərlərinə inamını itirməsidir. İnam isə iqtisadi fəaliyyətin əsasını təşkil edir. Əks təqdirdə nə daxili, nə xarici sərmayələri cəlb etmək qeyri-mümkündür.Bu gün Ermənistan iqtisadiyyatı daxili maliyyə imkanlarının məhdudluğu, xarici kapitalın çatışmazlığı, insan kapitalının xaricə axını məsələlərinin həllində acizlik nümayiş etidirir. Ermənistan dövlət büdcəsinin mühüm hissəsi diasporanın ianələri hesabına formalaşır. Bu vəsaitlər əlbəttə hər hansı bir fondun saxlanmasına kifayət edər, lakin Ermənistan fond deyil, o bir dövlətdir və dövlət kimi iqtisadi fəaliyyətin inkişafı hesabına öz büdcəsini formalaşdırmalıdır. Diasporun ianələrindən başqa Ermənistan real gəlir imkanlarından məhrumdur”.E.Aslanovun qeyd etdiyinə görə, Ermənistan heç bir regional əməkdaşlıq layihəsində iştirak etmir, regional inkişafın təsirlərindən bəhrələnmir, həmçinin, Ermənistanın ümumi dövlət büdcəsi Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər səviyyəsindən də aşağıdır:“Ermənistanın bugünkü durumu onun gələcəyi haqqında obyektiv fikir formalaşdırmağa imkan verir və haqlı suallar doğurur. İqtisadi tənəzzülün doğurduğu vəziyyət siyasi müstəviyə birbaşa sirayət edir. Vətəndaşlar vaxtaşırı öz narazılığını bildirir, hazırkı iqtidara etimadsızlığını nümayiş etdirir.Ermənistanın geosiyasi müstəvidə əhəmiyyətsizliyi onun yeritdiyi xarici siyasətlə sıx bağlıdır. Hər bir dövlət özü öz gələcəyini təyin edir. Ermənistan isə öz rəhbərliyinin girovuna və artıq bir dövlətin deyil, bir neçə geosiyasi mərkəzin forpstuna çevrilir. Ermənistanın bu siyasəti onun dövlət kimi iflasını, siyasi xəritədə yalnız boş ərazi kimi qalmasına səbəb olacaqdır.Ermənistandan və bir sıra digər dövlətlərdən fərqli olaraq, müstəqil Azərbaycan son illərdə inkişaf strategiyasını uğurla həyata keçirir, yeni dünya nizamına inteqrasiyasını təmin edir, iqtisadiyyatının çoxşaxəli inkişafına nail olur”.PA-nın şöbə müdiri həmçinin deyib ki, son zamanlar bəzi qüvvələr tərəfindən müxtəlif dövlətlərdə müəyyən ssenarili mövzular ortaya atılır, Azərbaycanda internetin azadlığı ilə bağlı spekulasiyaya yol verilir:“Qeyd etməliyəm ki, Azərbaycan insanların fundamental azadlıqlarının qorunmasını və onların sosial təminatının təmin edilməsini əsas məqsəd kimi qarşıya qoymuşdur. İnternetdən istifadə hər bir insanın hüququdur və bu hüquq dövlət tərəfindən təmin edilir. Azərbaycanda internetlə bağlı hər-hansı senzuradan, nəzarətdən və ya buna oxşar mexanizmlərdən söhbət gedə bilməz. Buna heç kimin şübhəsi olmasın. Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtdir.Cənab Prezident Azərbaycanda internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd etmişdir. Bu gün ölkədə istər bloggerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər. Bu gün müxtəlif sosial şəbəkələrdə 1 milyondan çox istifadəçi var. Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilib.Azərbaycanda internet istifadəçilərinin sayı 65%-i keçib və bu rəqəm durmadan artır. Təsadüfi deyil ki, MDB məkanında internetə çıxış baxımından Azərbaycan ön pillələrdə qərarlaşır. Bu, həm internetin azad fəaliyyətinin göstəricisidir, həm də Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsindən xəbər verir. Məhz cənab Prezidentin təşəbbüsü ilə 2013-cü il İnformasiya Kommunikasiya Texnologiyaları ili elan edilmişdir. İnternetdən istifadə insanların informasiya imkanlarını genişləndirir, zəruri bilgilər əldə etməsinə şərait yaradır.Lakin Azərbaycanın əsas ağrılı problemi bildiyiniz kimi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür. Bu münaqişə beynəlxalq hüququn prinsip və normalarının kobud şəkildə pozulmasını nümayiş etdirməklə yanaşı regionun təhlükəsizliyi üçün əsas təhdid mənbəyidir.Hüquqi müstəvidə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı təcavüz etmişdir. Bu isə onun beynəlxalq məsuliyyətini önə çəkir, beynəlxalq birliyin lazımı tədbirlər görməsini, müvafiq müdaxiləsini tələb edir. Lakin təəssüflər olsun ki, beynəlxalq birliyin məsələyə yanaşması qeyri qənaətbəxş hesab edilir. ATƏT-in Minsk Qrupunun fəaliyyəti bu günə qədər heç bir irəliləyişə nail ola bilməyib.Bunun səbəbləri isə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe və mövcud status kvonun qoruyub saxlamaq istəyinə bağlıdır. Minsk Qrupu isə təcavüz aktının inkaredilməzliyinə baxmayaraq, adi vasitəçilik missiyası yerinə yetirir, heç bir təsir imkanlarına malik deyildir.Münaqişənin sülh yolu ilə həlli mərhələli şəkildə və qarşılıqlı kompromis əsasında təmin edilməlidir. Bu hər iki xalqa inam və etibarı dirçəltməyə, qarşılıqlı əlaqələri inkişaf etdirməyə imkan verəcək. O ki, qaldı Dağlıq Qarabağın hüquqi statusuna Azərbaycan dəfələrlə elan edib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazırdır. Bu məsələnin ayrı həll yolu yoxdur.Ermənistan dövləti dərk etməlidir ki, güc yolu ilə yaradılmış vəziyyət beynəlxalq hüququn prinsip və normalarına ziddir və o regional inkişafdan bəhrələnmək istəyirsə təcavüzkar siyasətindən əl çəkməlidir”.E.Aslanov çıxışı zamanı daha sonra vurğulayıb ki, bu il eyni zamanda seçki ilidir:“Qısa müddət ərzində demokratik dəyərləri mənimsəyən müstəqil Azərbaycan dövlət azad və ədalətli seçkilərin keçirilməsində böyük təcrübə qazanıb. Ötən seçkilərin təhlili bir daha göstərir ki, Azərbaycan demokratiyası yetkinləşmiş, Azərbaycan xalqını inkişafa və tərəqqiyə doğru aparan yolun mayakına çevrilib.Demokratiya, əlbəttə, seçkilərlə məhdudlaşmır, lakin xalqın seçim etməsi üçün bütün şəraitin yaradılması onun ilkin şərtidir. Demokratiya tarixi inkişafın məhsuludur.Azərbaycanın uğur isə bütün siyasi islahatları iqtisadi islahatlarla paralel həyata keçirməsi olub. Biz inanırıq ki, Azərbaycan xalqı öz layiqli seçimini edəcək, Azərbaycanın uğurlu gələcəyini təmin edən, azərbaycanlıların gözləntilərinə cavab verən namizədini seçəcək”.

OXŞAR XƏBƏRLƏR