Elnur Aslanov: ''Like'-ın hesabına oxunan və populyar olduğu bir dövrdə yaşayırıq'

Elnur Aslanov:
Bütün Xəbərlər
16:50 17.07.2012
1503
Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri, fəlsəfə doktoru Elnur Aslanovun 1news.az –a müsahibəsi...- Sirr deyil ki, Azərbaycan bir çox sahələrdə inkişaf tempinə görə regionumuzun digər ölkələrini əhəmiyyətli dərəcədə üstələyir. Analoji vəziyyət internet sahəsinə də aiddir. Azərbaycanda bu sahənin inkişafını necə qiymətləndirirsiniz? - Son göstəricilər həqiqətən göstərir ki, ölkəmiz internetin say və ümumi inkişaf miqyasına görə, Cənubi Qafqazın digər ölkələrini qabaqlayır. Azərbaycan 2011-ci ilin sentyabrında təqdim olunan “İKT-nin qlobal göstəriciləri” hesabatına görə bu sahədə on ən sürətlə inkişaf edən ölkə sırasına daxil olub. Bununla belə, Azərbaycanın sözügedən sahədə bugünkü nailiyyətləri gələcək inkişafı təşviq edir. Hazırda Azərbaycanda olan fiber-optik kanallar ölkənin təqribən 75% ərazisini əhatə edir. Eyni zamanda 340 milyon dollar həcmində investisiya həcmi 2015-ci ilədək deməyə əsas verir ki, artıq qısa müddətdə biz həm təminata sərf olunan xərclərin azalması, həm də əhalinin internetdən istifadə imkanlarının yaxşılaşmasının şahidi olacağıq. Bu fakt internetə ictimai-siyasi və sosial-iqtisadi həyatda tamamilə yeni rol verəcək. Bu gün ölkə rəhbərliyi tərəfindən vətəndaşların məmurlarla əlaqəsinin minimumadək endirilməsi kimi bir vəzifə qoyulub. Bu xüsusilə də dövlət xidmətlərinin göstərilməsi ilə bağlıdır - Azərbaycanda müxtəlif nazirlik və idarələrin elektron xidmətlərini yeganə “Elektron hökumət” portalı sisteminə ötürür. Hakimiyyətin məqsədi tez bir zamanda “cəmiyyət-hakimiyyət” informasiya əlaqəsinin tamamilə təkmilləşdirməkdir. Şübhəsiz ki, cəmiyyətin problemlərinin öyrənilməsi və çatdırılmasında kütləvi informasiya vasitələrinin rolunu kiçiltmək olmaz. Bununla yanaşı, dövlət məmurları üçün dövrün tələblərinə cavab verən yeni peşəkar etika mexanizmlərinin tətbiqi kontekstində “informasiya cəmiyyəti”nin resurslarından hər tərəfli istifadəyə səy göstərmək lazımdır. Praktika da bu, məmurların fəaliyyətinin şəffaflığının təmin edilməsi üçün texniki yeniliklərin tətbiqi anlamına gəlir. Kağız süründürməçiliyi və uzun sürən bürokratik prosedurların zamanı artıq ötür. Məmurların qəbuluna düşmək əvvəlkinə nisbətdə asan olmalıdır. Görülən işlər barədə hesabatı öz mikrobloqunda yerləşdirən məmur dövlət işçisi standartı olmalıdır. Belə ki, vətəndaşlar müasir platformalar vasitəsilə də hakimiyyətlə fəal şəkildə dialoqa girə və öz fikir və vəziyyətlərini bildirə biləcəklər. Axı biz informasiyanın əməli olaraq ani bir şəkildə ötürüldüyü, işləndiyi və istifadə olunduğu bir dövrdə yaşayırıq. Bu mühit çoxəsrlik əsasları və anlayış dəyərlərini, cəmiyyətin normalarını dəyişir. Hakimiyyət cəmiyyətin daha fəal və inkişaf etmiş olmasında, öz eyniyyətini saxlamaqla inteqrasiya və qloballaşma proseslərində iştirak etməsində bütövlükdə maraqlıdır. Çünki Volter demişkən, “insanlar nə qədər elmli olsa, bir o qədər azad olarlar”.- İnternet insanın biznesdən boş vaxtadək həyat fəaliyyətinin əməli olaraq bütün sahələrini əhatə edir. Sizcə, bu fenomen cəmiyyət qarşısında hansı çağırışları ortaya çıxarır? Dünya şəbəkəsinin Azərbaycan seqmentinin inkişafının bütün cəmiyyətin inkişaf göstəricisi olduğunu demək olarmı? - İnternetin yayılma miqyası heyrətamizdir - bu gün bütün dünya üzrə 2,3 milyarddan çox istifadəçi qeydə alınıb, eyni zamanda dünyada internet istifadəçilərinin sayı təkcə 2007-ci ildən bu yana 1,1 mlrd. nəfər artıb. Məşhur Metkaf qanununa əsasən, şəbəkə dəyəri onun istifadəçilərinin sayının kvadratına mütənasib olaraq artır. Bu praktikada o deməkdir ki, internet istifadəçilərinin sayı belə artdığı zaman internetin dəyəri və onun imkanları fövqəladə böyüklüyə qədər artır. Azərbaycanda əhalinin 60%-dən çoxunun internetə çıxışı var. Onlardan 800 000-dən çoxu Facebook və 200 000 nəfər isə Twitter istifadəçisidir. Bu birlikdə ölkənin 14 yaşından 29 yaşınadək olan əhalisinin üçdə birini təşkil edir. Bu statistikanın bütün məsuliyyətini başa düşmək mühümdür. Əgər ölkə gənclərinin, yəni 14-dən 29 yaşınadək şəxslərin əhalinin 33 faizini təşkil etdiyini, ümumilikdə isə 1 yaşından 30 yaşınadək şəxslərin əhalinin 60 faizini təşkil etdiyini nəzərə alsaq, yeni texnologiyaların ölkə həyatında rolunu müəyyən etmək çətin deyil. Bununla yanaşı, informasiya axınının artması ilə paralel olaraq dünya sisteminin kompleksliyi artdıqca, təhsilin informasiyanın savadlı şəkildə idarə olunmasının həyata keçirilməsinə imkan verən amil kimi əhəmiyyəti də artır. Burada söhbət təkcə xüsusi biliklərin toplanmasından deyil, həmçinin analitik, sistemli düşməyi öyrənmək, qarşılıqlı əlaqələri görmək bacarığından gedir. Və əgər məişət səviyyəsində bu problem hər bir insanın şəxsi işidirsə, dövlət səviyyəsində əhalinin təhsilliliyi, onun informasiya almaq, emal və istifadə etmək qabiliyyəti beynəlxalq arenada mühüm rəqabət üstünlüklərindən birinə çevrilir. Ona görə, bu problemin həllini əvvəlcə şəxsiyyətin formalaşmasında, məktəb siniflərində, müəllimin yeni rolunda axtarmaq lazımdır. Çünki məktəb təkcə informasiya və akademik faktlar mənbəyi deyil, o, həm də müəllim rolunda çıxış etməlidir. Prezident İlham Əliyev ölkənin inkişaf etmiş ölkələr sırasına daxil olması üzrə Azərbaycanda əsası qoyulmuş intellektual və iqtisadi potensiala uyğun prioriteti müəyyənləşdirdi. Bu şəkildə, bu gün bizim insan kapitalına yatırdığımız investisiyalar resursların yerləşdirilməsi üçün daha səmərəli üsula çevrilir. Prezident dəfələrlə qeyd edib ki, cəmiyyətin intellektual inkişafına yatırılan investisiyalar gələcəyin investisiyasıdır. Bu baxımdan, Qərb ölkələrinin, eləcə də Sinqapur, Malayziya, Cənubi Koreya, Yaponiya kimi ölkələrin inkişaf təcrübəsini öyrənərkən qeyd etmək lazımdır ki, uğurun formulu sərmayənin insan kapitalına, təhsilin inkişafına yatırılmasından ibarətdir. Buna görə də, Azərbaycanın inkişafında əsas istiqamət sərmayənin təhsilə, ölkə vətəndaşlarının bilik və bacarıqlarına yatırılması, Azərbaycan xalqının yaradıcı və təşəbbüskar xüsusiyyətlərə malik olan nümayəndələrinin formalaşdırılmasıdır - bu strategiya bizə “bilik iqtisadiyyatı”nın nümunəsini yaratmağa imkan verəcək.- Yuxarıda bəhs etdikləriniz onu sübuta yetirir ki, kütləvi informasiya vasitələrinin (KİV) qarşısında da yeni tələblər dayanmaqdadır. Media vasitələri indi saysız-hesabsız, əhatəli xidmətlər: şəxsi gündəliyin aparılması və dostlarla ünsiyyətdən tutmuş ən geniş əhatəli xəbər əldəetməyə qədər bütün xidmətləri təklif edən sosial şəbəkələrlə rəqabət aparmaq məcburiyyətindədirlər. Belə bir şəraitdə internet və ənənəvi KİV necə fəaliyyət göstərməlidir? Siz onların perspektivini nədə görürsünüz? - “Yeni media” məfhumunu istifadə etməzdən əvvəl onu da qeyd etmək vacibdir ki, onlar 20 il bundan əvvəl mövcud olan media ilə müqayisədə yenidirlər və indi dünyada mövcud olan media ilə müqayisədə isə onların yeniliyi şərtidir. Cəmiyyətimiz artıq 137 il bundan əvvəl belə bir mediaya malik olub, H.Zərdabi və onun “Əkinçi” qəzeti Azərbaycanın ictimai-siyasi və bədii təfəkkürünün inkişafının inqilabi təməlini atmış oldular. Bu gün yeni informasiya-kommunikasiya texnologiyalarının qətiyyətli şəkildə inkişaf etdiyi bir şəraitdə ənənəvi KİV-lərə çevrilən nəşrdə, radioda, televiziyada, onların əldə edilməsində, tədarük olması üsullarında, eləcə də təbii ki, onların məzmununda əhəmiyyətli dəyişikliklərin baş verəcəyini gözləmək labüd haldır. Lakin hesab edirəm ki, kütləvi informasiyanın yeni vasitələrinin meydana çıxması nəinki Azərbaycanda ənənəvi KİV-lərə maneçilik törətməyəcək, həm də müəyyən mənada, güman ki, düzgün strategiyanın seçilməsində onların mövqeyinin güclənməsinə kömək edəcək. Yeni media vasitələrinin inkişafının ilkin mərhələsində biz hamımız ənənəvi KİV-lərdə redaksiyanın nəşr siyasətini əldə rəhbər tutaraq informasiyanı ələməsi halları ilə az rastlaşmamışıq. Eyni zamanda, iri xəbər yayan internet resursları da gündəm xəbərini “xalis statistika”nın, istifadəçilərin resursa daxil olmasının və onunla maraqlanmasının hesabına formalaşdırır, faktların araşdırılmasına və cəmiyyətin mənəvi-əxlaqi dayaqlarının nəzərə alınmasına əhəmiyyət vermirlər. Təəssüflər olsun ki, bu gün də bəzi yeni KİV-lərin sensasiya doğuran materialları bizi onların həqiqiliyinə ehtiyatla yanaşmağa vadar edir, hələ uşaqların yanında şüuraltı olaraq, bəzi internet portallarından xəbər oxumaq istəksizliyimizdən bəhs etmirəm. Aydındır ki, yeni media vasitələri və ənənəvi KİV-lər arasında prioritetlərin müəyyən edilməsində fərq olduğu kimi, məlumata olan tələbatın izlənməsində də fərqlər mövcuddur. Yadda saxlamaq vacibdir ki, İnternet öz-özlüyündə sadəcə olaraq, ancaq ünsiyyət vasitəsidir, KİV deyildir. Lakin onun mövcud olması çox şeyi dəyişdi, indi hər bir sayt və ya bloq faktiki olaraq, informasiyanın yayılması vasitəsidir. Bu gün sosial şəbəkə vasitəsilə məlumatı əldə etmək asan və tez başa gəlir. Eyni zamanda, ənənəvi KİV-lər bütün dünyada artıq yeni texnologiyaların və “gadget”-lərin fəal şəkildə istifadə olunmasına keçid etməkdədirlər, eyni zamanda oxucu ilə də ünsiyyət qurmaqdadırlar. Bir çox dünya KİV-ləri xəbərlərə onlayn abunənin sayəsində həm əlavə gəlir əldə edirlər, həm də sanballı oxucu auditoriyası qazanırlar. Həm də, ənənəvi KİV-lərin peşəkarlıq etikasının və yeni media vasitələrinin təqdim etdiyi geniş imkanların sintezi nəticəsində tamaşaçı, yaxud oxucu və KİV arasında ünsiyyətin qurulması təkamülünün baş verəcəyini əvvəlcədən demək mümkündür. Belə bir istiqaməti, düzünü desəm, asanlıqla güman etmək olar, belə ki məlumatla manipulyasiya edilməsi üçün geniş imkanların olmasına baxmayaraq, bir çox hallarda buna əsasən iqtisadi, təşkilati və peşəkarlıq prinsipləri öz təsirini göstərir. Bu günün tendensiyasını ənənəvi KİV-lərin və sosial media vasitələrinin bir-birinə qarşılıqlı təsirinin güclənməsi təşkil edir. Artıq neçənci dəfədir ki, peşəkar jurnalistlər sanballı məqalə yazmaqdansa, Twitter şəbəkəsindən təzə xəbərlərin anonsu məqsədilə istifadə edirlər. - Siz çap KİV-lərinin təkamülündən söz açdınız. Qəzetlərin informasiya üzərində öz inhisarını itirməsini, operativlikdə və rentabellikdə internet resurslara uduzmasını nəzərə alaraq, xəbər işi ilə məşğul olan bir çox peşəkarlar qəzet biznesinin süqut edəcəyini deyirlər. Siz bu fikirlərlə razısınızmı? Bu məsələ ilə bağlı fikrinizi bilmək olarmı? - Ənənəvi KİV-lərin və internet resurslarının rəqabəti mövzusu əslində indiki vaxtda bir çoxlarını narahat edir. Çap KİV-ləri az tarixi kataklizmlərlə üzləşməyiblər. Lakin bu gün çap KİV-ləri, xüsusilə də qəzetlər İnternet tərəfindən onlara təqdim edilən həm çox böyük təhlükələrlə, həm də böyük inkişaf imkanları ilə üzləşməkdədirlər. Bir çox müşahidəçilərin rəylərinə əsasən, təxminən 10-15 il sonra qəzetlər bizim və bizdən yaşca böyük nəslin adət etdiyi süqut dövrünə qədəm qoyacaqlar. Lakin bu prosesin nə qədər davam edəcəyini dəqiqliyi ilə demək çətin məsələdir. Lakin smartfonlardan və planşetlərdən öz həyatlarının ayrılmaz hissəsi kimi istifadə edən yeni nəslin yetişməkdə olması açıq-aşkardır. Buna görə də, buna adaptasiya olmaq və uyğunlaşmaq, vaxtla ayaqlaşmaq, adət etdiyimiz çap nəşrlərinin imkanlarını genişləndirmək lazımdır. Çap mətbuatı ümumilikdə bütün dünyada özünün heç də yaxşı olmayan dövrünü yaşamaqdadır. Asan şəkildə qeyd etmək olar ki, çap mətbuatının seqmenti reklam gəlirinin artması baxımından internet resurslarının inkişafına ciddi şəkildə məğlub olur. Vahid reklam piroqunun belə bir bölgüsü ona gətirib çıxarır ki, internet reklamının payı ilk növbədə, çap KİV-lərinin payının azalması sayəsində artmağa başlayır. Belə bir göstəricinin özü də cəmiyyətə müəyyən xidmət göstərən çap nəşrinin özünün keyfiyyətindən xəbər verir - reklam daha çox oxunan nəşrdə gedir. Nəticə etibarilə, mövcud olmaq vasitələri uğrunda rəqabət mübarizəsində uğur nəşrin tirajı, onun pərakəndə satış qiyməti və reklamı cəlb etmək qabiliyyəti arasındakı mütənasiblikdən asılıdır. Bu baxımdan, reklam media biznesində “güclülər”in və “zəiflər”in təbii seçiminin təşviq edilməsi mexanizmi şəklində xidmət göstərir - nəticədə daha maraqlı nəşri seçən oxucu qazanmış olur. Bu gün Twitter-də, telefonda, Facebook-dakı dostların paylaşımları vasitəsilə bu və ya digər xəbərlə operativ, sürətlə və çox vaxt sərf etmədən tanış olmaq üçün imkanlar kifayət qədər çoxdur. Biz xəbərin yalnız analitik məzmunun hesabına deyil, həm də tövsiyə olunması, yəni sosial şəbəkələrdə “like”-ın (“layk”) hesabına oxunan və populyar olduğu bir dövrdə yaşayırıq. Bundan başqa, hələ bir müddət əvvəl nəyinsə dövrü barədə danışdıqda, biz, bir neçə nəslin zaman ilgəyini nəzərdə tuturduqsa, bu gün dövran yalnız bir nəsli özündə birləşdirir. Şərtlər bazarın inkişafını sərtləşdirir ki, bu da informasiya məkanına təsir göstərməyə bilməz. Buna görə də, açıq “informasiya cəmiyyəti” resurslarının vasitəsilə təsir dairəsinin genişləndirilməsi ilə çap nəşrinin ağıllı inkişaf strategiyası lazımdır. Bu gün informasiya inhisarçıları haqqında danışmaq son dərəcə çətindir, çünki yeni texnologiyalar xəbər lentinin sutkanın 24 saatı ərzində yenilənməsi kimi indiyədək görünməmiş üstünlüklər təqdim edərək, bununla da istənilən nəşri “dövrilik” anlayışından, həmçinin məzmunun optimallaşdırılmasından məhrum edir. Çatdırılma, distribusiya, nəşriyyatın distributorlarla daimi müharibəsi problemləri yoxdur. Buna görə də, Qərbdə bir çox KİV xeyli müddətdir ki, internet-nəşrləri fəal surətdə inkişaf etdirirlər. Və biz Azərbaycan əhalisinin 60%-nin internetə çıxışa malik olduğunu deyiriksə, o zaman kütləvi informasiya vasitələri internetdə də nəzərəçarpacaq fəallaşmanın üzərində düşünməlidirlər. Marketinqdən konkret nümunəni diqqətinizə çatdırım. İnnovasiyaların yayılması qanunu mövcuddur. Məlum olduğu kimi, əhalinin 2,5%-i yenilikçilərdir. Onlar daim innovasiyalar barədə düşünürlər. 13,5% - bu, onların ardıcıllarıdır. Növbəti 34% - əvvəlki çoxluq, digər 34% - sonrakı çoxluq və s. təşkil edir. Lakin istənilən ideya elektoratın 15%-dən 18%-dək kritik kütləyə çatdıqda, daimi, uğurlu və cəmiyyətdə müvafiq yer tutan olur. Bax, elə o zaman biz “dönüş nöqtəsinin” keçilməsi barədə danışa bilərik. İndi gəlin bu rəqəmləri ölkədəki gənclər və internet istifadəçilərinin faiz nisbətinin məlumatları ilə tutuşduraq. Beləliklə, yeni nəslin hesabına yeni media istifadəçilərinin sayı dəyişməz olaraq artacaq və özünə yeni münasibət tələb edəcək. Bunu nəzərə almaq lazımdır. Buna görə də, artıq dünyada “beş ekran” qanunları ilə yaşayan, yəni KİV-in məzmununu noutbukun, smartfonun, planşet kompyuterin, İnternetə çıxışa sahib televizorun, həmçinin avtomobildəki multimedia qurğusunun köməyi ilə izləyən xeyli sayda insan var. Və bu tendensiya, daha dəqiqliklə, onun sonuncu iki komponenti sürətlə Azərbaycana yaxınlaşır. - Nizamlanmamış Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanda KİV və internetin fəaliyyətinin mühüm əhəmiyyət kəsb edən aspekti Ermənistanla informasiya qarşıdurmasıdır. Bu sahədə işlərin vəziyyətini necə qiymətləndirərsiniz? Münaqişənin hərbi qarşıdurmayadək gərginləşməsi barədə danışmaq olarmı? - Qonşu Ermənistanın Azərbaycan ərazisini işğal etməsi və beynəlxalq birliyin çağırışlarının nəticəsizliyi bizim vətəndaşları öz haqlı tələblərini müxtəlif meydançalar və beynəlxalq tribunalardan daha qəti şəkildə səsləndirməyə məcbur edir. Tam və obyektiv məlumatlandırma Ermənistanın təcavüzkar siyasətinin əsl mahiyyətini nümayiş etdirməyə kömək və dünya birliyinin adekvat reaksiyasını təmin edəcək. Mədəni baryerlər, dövlət sərhədləri və fiziki məsafə ilə ayrılmış insanların arasında yeni dost əlaqələri qurmağa kömək edən müasir kommunikasiya texnologiyaları həm də informasiya məkanında şəxsi mövqelərinin möhkəmləndirilməsi və beynəlxalq sülh və təhlükəsizliyin pozucularına təzyiqin göstərilməsi üçün platforma yaradırlar. İnformasiya məkanından Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətin çatdırılması üçün platforma kimi fəal istifadə şəbəkənin adi vasitələr və texnologiyalar qarşısında bir sıra əhəmiyyətli üstünlüklərinin olmasından irəli gəlir: operativlik, qənaətcillik, mümkün tədqiqatların miqyaslılığı, informasiyanın ötürülməsi və qavranılmasının kompleksliyi, həmçinin onun hər kəs üçün əlçatan olması. Məhz elə bu amillər məqsədyönlü şəkildə beynəlxalq ictimaiyyəti çaşdırmağa və diqqəti Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən irəli gələn əsas problemlərdən yayındırmağa çalışan erməni rəhbərliyinin cəhdlərinə qarşı durmaq imkanı yaradır. Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin bütün addımları bizim münaqişənin dinc yolla nizamlanmasına can atdığımızı, həqiqətən də problemin həlli üçün iradə və səylərə malik olduğumuzu göstərir. Lakin təəssüf ki, qarşı tərəfdən belə növ siqnallar daxil olmayıb. Ermənistan rəhbərliyi münaqişənin həlli üçün heç bir istəyin göstərilməməsi ilə kifayətlənməyərək, açıq şəkildə status-kvonu uzatmaq səylərini nümayiş etdirir. Və ilk növbədə Ermənistanın özünə, onun əhalisinə zərər vurur və bununla da, bütün regionun inkişafını çətinləşdirir. Münaqişənin silahlı qarşıdurmayadək gərginləşməsi imkanından danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan hələ də müharibə vəziyyətindədir və kövrək atəşkəs rejimi daim ermənilər tərəfindən pozulur. Biz əminik ki, erməni qoşunlarının tərəflərin müəyyən etdikləri zaman çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması regionun qarşısında böyük imkanlar açacaq. Geriyə baxdıqda, erməni siyasi rejiminin Azərbaycana qarşı kəsilməyən ərazi iddiaları və təcavüzə görə, mahiyyət etibarilə özünütəcrid və böhran vəziyyətinə saldığını görmək olar. Biz Dağlıq Qarabağın statusunun Azərbaycan Respublikasının tərkibində müəyyənləşdirilməsi barədə danışıqları davam etdirə bilərik. Statusdan danışdıqda, - yəni, bunun üçün beynəlxalq təcrübədə konkret əsaslar və nümunələr var. Dağlıq Qarabağdan qovulmuş əhali öz evlərinə qayıtmaq və sülh və əməkdaşlıq şəraitində yaşamaq imkanına malik olmalıdır. Ölkəmiz çoxmillətli və çoxdinli cəmiyyətdən ibarət bir mozaikanı xatırladır. Biz öz müxtəlifliyimiz və Azərbaycanda bir ailə kimi yaşayan bir çox millətlərin nümayəndələri ilə fəxr edirik.
OXŞAR XƏBƏRLƏR