Siyasi müxalifətin funksionerləri hər nə qədər etiraf etməkdən çəkinib, əsl mahiyyəti gizlin tutmağa çalışsalar da baş verən proseslər əminliklə belə bir fikir söyləməyə əsas verir ki, həmin cəbhədə vəziyyət heç də ürək açan deyil, əksinə ziddiyətlər artıq qaçılmazdır və gözlə görünəcək qədər irəliləmiş durumdadır. Aylardır öz tərəflərindən ortaya atılan və sonucda fiaskoya uğrayan “vahid namizəd” şousu da həmin uğursuz estafetin növbəti davamıdır. Bunu SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.
Partiya sədri sözünün davamı olaraq: “Biz aylar öncə deyəndə ki, İsa Qəmbərlə Əli Kərimli aralarında nəyisə belə böləcək qədər iradə sahibi deyillər, müxalif oponentlərimiz palaz-palaz arqumentlər, bəhanələr səsləndirib özlərinə “əl qatırdılar”ki, nə danışırsız bu belə deyil. Bu da sizə sübut: Kərimli və Qəmbər bu gün əllərində olan bütün media qurumlarını bir-birinin üzərinə amansız bir şəkildə yeridiblər. Sosial şəbəkələrdə bu iki nəfərin tərəfdaşları arasında az qala qan davası gedir. Həm də Prezident seçkilərinə bir ildən də çox vaxt qala…
Gerçəkdən gülməli, həm də rəzil bir durumdur. İdeya, məfkurə, hədəf qalıb bir yanda, bunlar hələ öz aralarında birinci olacaq şəxsin kimliyinə illərdir vara bilmirlər. Üzdə gülüb, dalda bir-birlərinə sarsıdıcı zərbələr endirirlər. Hətta bəzən həmin zərbələri o qədər amansızcasına endirirlər ki, hətta onların ən qatı əleyhdarları belə heyrətindən donub qalır ki, bizim əvəzimizə bunlar niyə danışır?!
Yadıma 2000-ci ilin Parlament seçkilərində AXCP-nin elektoratını dağıtmaq üçün İsa Qəmbərin öz maraqları naminə oynadığı oyun düşdü. Həmin vaxt Müsavat başqanı siyasi qüvvə olaraq AXCP-nin “klassiklər”qanadını tanıyıb, Əli Kərimlini keçi qiymətinə satdı. Hətta Qəmbər o dönəmdə mətbuata verdiyi müsahibələrin birində jurnalistin sualına cavab olaraq, Kərimliyə xitabən “Mən o adda siyasətçi tanımıram” ismarıcını göndərmişdi. Kərimlinin də cavabı gecikməmişdi: “Zaman gələr tanış olarıq!”.
Bu söhbətin üzərindən 12 il keçib!. Düz 12 il. Amma görünən budur ki, aradan ötən bu qədər müddət, həmin o haqqında söhbət gedən insanların mahiyyətinə, xislətinə, alıb-satmaq, alınıb-satılmaq təfəkkürünə zərrə qədər də olsa təsir edə bilməyib”, - bildirib.
Elşən Musayev deyib ki, biri “Azadlıq”radiosuna açıqlama verib ortanı qarışdırır. O biri “şillə vuranları“nın ağzı, qələmi ilə cavab qaytarır: "Biri deyir vahid namizəd məsələsi mənim üçün prioritet deyil, o biri deyir sənin üçün deyil, mənim üçün prioritetdir! Sonra da hay-küy salırlar ki, demokratik qüvvələrik. Hələ utanmadan həftə səkkkiz-mən doqquz toplantısını keçirdikləri “İctimai Palata”nı da müxalifətin vahid ideoloji mərkəzi elan edirlər. O zaman meydana sual çıxır: Sizin vahidliyiniz budursa, pərakəndə vəziyyətiniz necə olur görəsən?".