“Erkən evlilik halları tamamilə kökündən kəsilməyəcək” – Kəmalə Ağazadə

“Erkən evlilik halları tamamilə kökündən kəsilməyəcək” – Kəmalə Ağazadə
SOSİAL
13:52 11.09.2026
69
Xəbər verdiyimiz kimi, Azərbaycanda yeniyetmə yaşlarında ana olanların sayı açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 15-17 yaş aralığında 877 nəfər ana olub. Statistik göstəricilərə əsasən, yeniyetmə yaşlarında ana olanların əksəriyyəti kənd yerlərində yaşayıb.

Belə ki, 15-17 yaşlı analardan 569 nəfəri kənd, 308 nəfəri isə şəhər ərazisində yaşayan qadınlar olub. Bu rəqəmlər yeniyetmə yaşlarında doğuşların şəhərlə müqayisədə kənd yerlərində daha çox qeydə alındığını göstərir.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə AZXEBER.COM-a açıqlamasında deyib ki, bu istiqamətdə hələ də çox ciddi təbliğat kampaniyaları aparılmalıdır:

"Əslində burada bir qədər azalma müşahidə olunur. Erkən evliliklərin qarşısının alınması ilə bağlı qanun qüvvəyə minəndən artıq bir il keçib və ciddi cəzalar tətbiq olunur. Həmçinin inzibati cərimələr də tətbiq edilir. Amma bu istiqamətdə hələ də çox ciddi təbliğat kampaniyaları aparılmalıdır. Ən çox da sosial şəbəkələrdə bu istiqamətdə işlərin aparılması yaxşı olar. Bunun nəticəsini də görürük. Belə ki, elə bir neçə gün bundan öncə 17 yaşında erkən evliliyə məcbur edilən bir qız bizim mərkəzə gəlib sığınmışdı. Onun toyunun olacağı barədə bizə məlumat verilmişdi və həmin toy dayandırıldı. Yəni, nə qədər çox təbliğat aparılsa, bir o qədər "bu bizim adətimizdir, biz belə görmüşük” yanaşması və erkən evlilik halları azala bilər. Amma deyim ki, bunun tamamilə kökündən kəsilməsi mümkün olmayacaq”.


O qeyd edib ki, burada yük daha çox Aran bölgəsinin üzərinə düşür:

"Bakıda yaşayanlar dedikdə, əsasən regionlardan Bakıya gələn insanları nəzərdə tuturuq. Yəni, bunlar Bakı sakini dediyimiz insanlar deyil, Bakıda faktiki ünvanı olan, daha çox regionlardan gələn insanlardır. Bu yük də daha çox Aran bölgəsinin üzərinə düşür. Yardımlı, Cəlilabad və Masallıda da bu sahədə iş aparmağa ehtiyac var. Deyərdim ki, bütün regionlarda iş aparmaq lazımdır. Çünki göstəricilər daha çox bu rayonlarla bağlıdır və bizim statistikamız da əsasən həmin rayonları əhatə edir. Amma onların arasında həmin rayonlarda qeydiyyatda olub, Bakıda yaşayanlar da var. Düşünürəm ki, ən ciddi şəkildə təbliğat-təşviqat kampaniyaları aparılmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR