Bu gün Gənclər Fondunun təşkilatçılığı ilə bir qrup gənclə erməni işğalından azad etdiyimiz Ağdama səfər etdik. Ağdam haqda bundan öncə yazılan bütün yazıları oxuduğuma görə, orada məni nə gözləyəcəyini güman edirdim. Gümanımda da yanılmadım. Ermənilər "bir şəhəri necə məhv etmək olar?" sualına ən gözəl cavabı Ağdamda veriblər.
Əgər Ağdamı görməmisinizsə, o zaman belə bir şəhər düşünün:
- Bir şəhər təsəvvür edin, hər yeri dağıntı, hər yeri xaraba....
- Bir şəhər təsəvvür edin, o dağıntılara, xarabalıqlara, kol-kosa ayaq da basmaq olmur.
- Bir şəhər təsəvvür edin, hər addımın sonuncu ola bilər.
- Bir şəhər təsəvvür edin, bütün gözəlliklərini minalara təslim edib.
- Bir şəhər təsəvvür edin, torpağının altı da, üstü da ölüm qoxur...
- Bir şəhər təsəvvür edin, məzarlıqları məhv edilib, məscidlərində donuzlar saxlanılıb, kəndlərinin yalnız adı qalıb....
Bu gün Ağdam rayonunda Pənahəli xanın imarətini, İmarət stadionunu, Ağdam Cümə və Qiyaslı məscidlərini, Ağdam Dövlət Dram Teatrını, Şahbulaq qalasını və bulağını ziyarət edərkən sadəcə bir şeyi düşündüm: O şəhər Vətəndir. Biz o vətəni yenidən quracağıq, o vətəni yenidən şəhərə çevirəcəyik.
Görüşümüzün sonunda Azərbaycan Prezidentinin Ağdam rayonundakı xüsusi nümayəndəsi Emin Hüseynov şəhərin baş planı haqda geniş məlumat verdi. Adam o qədər pozitiv və gözəl şeylər danışdı ki, bütün neqativlər beynimdən silindi.
Dövlətimizin Ağdam planları eşidərkən yalnız bir şeyi əminliklə deyə bilərəm: Ermənilərin xaraba qoyduğu Ağdamı tezliklə İmarətə çevirəcəyik...
Hacıbəy Heydərli,
Bakı - Ağdam - Bakı