Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA

Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
SİYASƏT
15:08 06.10.2026
192

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan dəmir yolu əlaqəsinin yaradılması və Ermənistan-Türkiyə sərhədinin yaxın perspektivdə açıla biləcəyini bildirib. 

Paşinyan bu barədə İrəvanda keçirilən "Ermənistan – Böyük Britaniya 2026” biznes forumunda çıxışı zamanı danışıb.

Baş nazir TRIPP layihəsinin praktiki icrasına keçidlə bağlı işlərin aparıldığını və layihənin Ermənistanla yanaşı, bütün regionun iqtisadi mühitinə təsir göstərə biləcəyini qeyd edib. 

Paşinyanın açıqlaması fonunda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə arasında nəqliyyat əlaqələrinin bərpasının regionda iqtisadi və siyasi proseslərə mümkün təsiri, eləcə də bu istiqamətdə real addımların nə dərəcədə yaxın olduğu sualını gündəmə gətirib. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Samir Hümbətov bildirib ki, Ermənistan-Türkiyə sərhədinin açılması üçün əvvəlcə konkret məsələlər üzrə razılaşmalar əldə olunmalıdır: 

"Paşinyan bunu, əslində, bir neçə dəfə təkrarlayıb. Amma məsələ burasındadır ki, sərhədlərin açılması üçün bütün imkanlar dəyərləndirilməlidir. Türkiyə-Ermənistan sərhədi açılsa belə, ola bilsin ki, razılaşma əldə olunduqdan sonra konkret nüanslar üzrə bu proses həyata keçirilsin. Hətta sərhəd açılsa belə, burada konkret istiqamətlər müəyyənləşdirilməlidir. Yəni sərhəddən yalnız yükdaşımalar həyata keçiriləcək, yoxsa həm yük, həm də sərnişin daşımaları olacaq? Yaxud yalnız sərnişin daşımalarına icazə veriləcək? Bütün bunlar əvvəlcədən müəyyənləşdirilməlidir”.

Politoloqun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərində nəqliyyat əlaqələrinin bərpası məsələsi də sülh prosesindəki öhdəliklərdən asılıdır:

"Birinci məsələ Türkiyə-Ermənistan münasibətləri ilə bağlıdır. Azərbaycanla bağlı məsələyə gəldikdə isə, Azərbaycan dəmir yolu vasitəsilə yüklərin çatdırılmasını həyata keçirir. Amma burada bir məsələ var. Biz sülh müqaviləsinin yekun sənədini imzalamaq istəyirik. Bunun üçün Ermənistanın yerinə yetirməli olduğu müəyyən öhdəliklər var. Dəmir yolu əlaqəsinə gəldikdə isə, görünür, burada artıq bir neçə istiqamət üzrə müəyyən məsələlərin icrası nəzərdə tutulur. Yəni yükdaşıma, sərnişin daşımaları, yaxud beynəlxalq daşımaların həyata keçirilməsinə dəstək verilməsi kimi məsələlər gündəmdə ola bilər. Hazırda isə bunların konkret olaraq necə həyata keçiriləcəyi tam müəyyənləşməyib. Paşinyanın açıqlaması da bu baxımdandır”.

 


S. Hümbətov qeyd edib ki, bu məsələdə Azərbaycan tərəfinin verəcəyi rəsmi məlumat əsas götürülməlidir: 

"Amma bizim üçün ən dəqiq məlumat Azərbaycan tərəfinin verdiyi məlumatdır. Hazırda bununla bağlı qəti fikir söyləmək mümkün deyil. Çünki Ermənistanla dəmir yolu əlaqəsinin qurulması mahiyyət etibarilə bizə Ermənistan ərazisi üzərindən Naxçıvana aktiv şəkildə yükdaşıma həyata keçirmək imkanı da verəcək. Bunun üçün isə logistika imkanlarının tam bərpa olunması lazımdır. Bu proses hələ tam şəkildə həyata keçirilməyib və əvvəlcə müvafiq infrastrukturun və logistika imkanlarının bərpası təmin olunmalıdır”. 

Politoloqun sözlərinə görə, Paşinyanın açıqladığı proseslər yaxın aylarda konkret addımlar atılacağı təqdirdə mümkün ola bilər: 

"Ona görə də düşünürəm ki, Paşinyanın söylədikləri yaxın perspektivdə, yəni bir neçə ay ərzində konkret işlər həyata keçiriləcəyi təqdirdə mümkün ola bilər. Amma hazırkı mərhələdə düşünürəm ki, Paşinyanın bu açıqlaması müəyyən mənada daxili auditoriyaya hesablanmış açıqlama da ola bilər. Hər bir halda, Paşinyanın bu açıqlamasını Ermənistan tərəfindən müəyyən dərəcədə irəliyə atılmış addım kimi qiymətləndirmək olar”. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR