"Eurovision-2012"yə gəlmək istəyən əcnəbilər viza almaq üçün nə etməlidir?

"Eurovision-2012"yə gəlmək istəyən əcnəbilər viza almaq üçün nə etməlidir?
MƏDƏNİYYƏT
22:06 09.04.2012
2075
"Eurovision-2012" mahnı müsabiqəsi ilə əlaqədar ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə sadələşdirilmiş viza rejimi tətbiq olunacaq. ANS PRESS-in məlumatına görə, ölkə prezidenti bununla bağlı müvafiq fərman imzalayıb. Sənədə əsasən, sözügedən musiqi yarışması ilə bağlı Azərbaycana gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ölkənin beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilər.Fərmana görə, aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: • Eurovision-2012 Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu; • Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd; • Eurovision-2012 Mahnı Müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.Viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər: • Eurovision 2012 Mahnı Müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş iştirakçılar və nümayəndə heyətlərinin üzvləri 2012-ci il aprelin 15-dən iyunun 1-dək; • Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə Eurovision 2012 Mahnı Müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər 2012-ci il mayın 10-dan iyunun 1-dək. Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Eurovision 2012 Mahnı Müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb. Fərmana müvafiq olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Eurovision 2012 Mahnı Müsabiqəsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Yayımları Birliyinə və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.
OXŞAR XƏBƏRLƏR