“Azərbaycan oxucusu praqmatikdir və onu saxta, robot İP-lərlə aldatmaq, guya bu yolla ictimai rəyə təsir etdiyini isbatlamaq mümkün deyil”.
AZXEBER.COM-unməlumatına görə, bu sözləri Editor.az-a açıqlamasında Aktual.az portalının baş redaktoru, tanınmış jurnalist Anar Yusifoğlu söyləyib.
Onun sözlərinə görə, xanımlar yaşını gizlədən kimi, bəzi saytlar da real İP-lərini gizlədir: “Baxırsan, hansısa sayta guya 50 min giriş var, ən çox oxunan xəbər isə 100-ü keçmir. Əgər həqiqətən bu sayta 50 min giriş varsa, niyə həmin saytın yazılarını oxuyan olmur. Yoxsa yerdə qalan 49 min 900 oxucu sadəcə saytın loqosuna baxıb, tərk edir. Elələri də var ki, həm sayta giriş sayını, həm də oxunma sayını şişirdirlər. Bilməyənlər üçün deyim ki, bunun üçün xüsusi proqramlar var və ayda bir neçə yüz manat vəsait tələb edir. Bu gün yeganə sayğac “google analitiks”dir ki, orada saytların real giriş sayı göstərilir. Mən təklif edirəm ki, saytlar hər ay özlərinin “google analitiks”dəki nəticələrini elan etsinlər. O zaman aydın olacaq ki, kimin İP-si həqiqi, kiminki isə saxtadır. Əvvəllər su, qaz, işıq sayğaclarına “barmaq” edərdilər. İndi bunu internetdə edirlər. Bu kiminsə cibinə girməsə də, sponsorun gözünə girir və belecə pul aldıqları adamları aldadırlar”.
Xatırladaq ki, redaktorların Prezident Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyevlə görüşü zamanı çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bəzi saytları tiraj saxtakarlığında ittiham edib. Deyib ki, onlar hansı redaksiyalarda robot kompüterlər olduğunu, eləcə də hansı saytların digər proqramlar və ödənişli “qara bazar” şərtləri ilə bir sıra proqramlara qoşulması barədə məlumatlıdırlar.
Məsələyə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da münasibət bildirib və saytları saxta “İP pripiskası”ndan imtina etməyə çağırıb.