İndoneziyanın Banten əyalətində "PT Fonusa Agung Mulia" şirniyyat fabrikində baş verən böyük yanğından sonra axtarış-xilasetmə əməliyyatları davam edir.
AZXEBER.COM-un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, polis bazar günü fabrik ərazisindən qurbanların qalıqlarının olduğu 24 torba çıxarıb.
Zavod rəhbərliyinin məlumatına görə, yanğın zamanı təxminən 300 işçi növbədə olub. Yaralı 65 nəfərdən 24-ü artıq evə qayıdıb, dördü müalicə alır, 29 nəfər itkin düşüb, daha səkkiz nəfərin yeri müəyyənləşdirilir.
Yanğının güclü olması səbəbindən ölənlərin vizual olaraq müəyyənləşdirilməsi mümkün deyil. Onların şəxsiyyətini müəyyən etmək üçün aidiyyəti orqanlar həmin şəxslərin qohumlarından DNT nümunələri və itkin düşənlərin şəxsi əşyalarını toplayır. Şəxsiyyətin müəyyən edilməsi prosesi iki-üç həftə çəkə bilər.
Axtarış-xilasetmə əməliyyatı bazar ertəsi səhəri yenidən başlayacaq. Yanğının səbəbi araşdırılır, lakin binanın bir hissəsi uçma təhlükəsi altındadır.











































