Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı təqsirləndirilənlərdən biri barədə qərar verildi
SOSİAL
21:12 17.06.2026
349
Deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən şəxslərdən biri Emin Əliyarov barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi keçirilən iclasda qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, cinayət hadisəsi 2023-cü il martın 28-də paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Milli Məclisin deputatı Fazil Qəzənfər oğlu Mustafaya yaşadığı evin qarşısında "Kalaşnikov" avtomat silahından atəş açılaraq sui-qəsd edilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü dəyişməyib.
OXŞAR XƏBƏRLƏR