Fərid Şahbazlı: "Ən çox 3 il davam edən sevgi üçün böyük enerji sərf etməyə dəyməz" (MÜSAHİBƏ+FOTO)

GƏNCLİK
02:22 24.11.2011
2972
Fərid Şahbazlı: “Hərdən mənə elə gəlir ki...”“Hər il təkrarlanan ad günləri hər il təzələnən hesabatdır”Qaynar.info Milli Xəbər Portalının portalının baş redaktoru, “İslahatçı gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının noyabr ayının 28-i 20 yaşı tamam olur. Yubiley ərəfəsində AZXEBER.COM-un əməkdaşı Fərid bəylə söhbətləşib, təəssüratlarını bölüşdük.- Fərid bəy, yeniyetməliyin tamamilə bitdiyi, gəncliyin isə daha məsuliyyətli dövrünə qədəm qoyursunuz. Bu yaşda kifayət qədər uğurlarınız da var. Yubiley təəssüratlarınızı bilmək maraqlı olardı...- Əslinə qalsa, ad günlərimi xüsusi təmtəraqla qeyd etməyi sevmirəm. Amma bu bir qədər fərqli situasiyadır. Demək olar ki, həyatımın hazırlıqlı dövrünün ilk yubileyini qeyd edirəm. Bu baxımdan əlbəttə ki, buna sıradan bir hadisə kimi də baxmaq olmur. Mənim düşüncəmə görə, hər il təkrarlanan ad günləri hər il təzələnən hesabatdır. İnsan hər il öz qarşısında hesabat verməyi bacarırsa, demək, cəmiyyət üçün də yararlı sayıla bilər. O baxımdan ki, biz illərə vaxt itkisi kimi yox, stimul və dayanmayan zaman aspektində yanaşırıq. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, istək və arzularıma tam olmasa da, müəyyən mənada yaxınlaşa bilmişəm. Hərdən mənə elə gəlir ki, mənim bir xeyli yaşım var və qarşıda həll olunası xeyli problemlər qalır. Amma yadıma düşəndə ki, hələ 20 yaşım var, bu məni xeyli ruhlandırır. Nəzərə alanda ki, həmyaşıdlarım əsasən tələbələrdir və bu yaşda hansısa fövqəladə uğurdan danışmaq olmaz, bu mənada özümü rahat hiss edirəm. Bu haradasa mənə mənəvi stimul verir. Mənim üçün uğurlarımın kəmiyyəti yox, keyfiyyəti önəmlidir. Ümumi götürdükdə, yubiley ərəfəsi təəssüratlarım normaldır.- Özünü daxilən neçə yaşlı insan kimi təsəvür edirsən? Səncə sən gənc ikən qocalmamısan ki? -Fiziki cəhətdən özümü elə 20 yaşdakı kimi hiss edirəm. Düşüncələrimə və addımlarıma görə isə deyirlərki bir xeyli yaşım var(gülür). Yəni, bu məsələdə hər hansı kompleksim yoxdur...- Bayaq qeyd etdin ki, sənin həmyaşıdlar tələbələrdi və məşğuliyyətləri başqadır. Onların məşğuliyyətləri əsasən çayxanada oturmaq, "şot qoymaq", domino oynamaq, qızlarla əylənməkdir. Bəs səndə necədir vəziyyət- bunlardan hansı sənə daha yaxındır? - Təbii ki, hər kəsin özünəməxsus məşğuliyyəti, istirahət forması var və bunu normal qarşılamaq lazımdır. Özümə gəldikdə isə deyim ki, mən sizin sadaladığınız bu məşğuliyyət növlərinin heç biri məşğul olmuram. Mənim istirahətim dostlarla bir araya gəlib, çay, yemək süfrəsi ətrafında müxtəlif məsələlərlə bağlı söhbətlər aparmaqdan ibarətdir. Ara sıra dostlarla birgə futbol oynamağa da gedirik. Bundan başqa bəzi internet oyunlarını da xoşlayıram və oynayıram. Birdə səyahəti, xüsusilədə dostlarımla birgə rayonlarımızı gəzməyi sevirəm.- Bu yaşda kifayət qədər uğur qazanan Fəridin şəxsi həyatında nə var nə yox? Açıq danışsaq istədiyin qız varmı? Yoxdursa, necə bir qızın qarşına çıxmasını istəyirsən? - Bu günlərdə araşdırma aparan alman alimləri müəyyən ediblər ki, kişilərin ürəyi geniş olur(gülür). Sən dəmə güclü cinsin nümayəndələrinə zərif cinsə qarşı sevgi hissinin yaranmasına cəmi 8 saniyə kifayət edirmiş. Bunun özü göstərir ki, sevgi ötəri hissdir. Başqa bir müqayisədə isə ən uzun sevgilərin əsasən 3 il çəkdiyi deyilir. Bu mənada mənim aləmimdə əsas olan dəyərlərdir. Yəni ən çox 3 il davam edəcək sevgi üçün çox da böyük enerji sərf etməyə dəyməz. Bu prinsipdən çıxış edərək, ötəri münasibətlərə bir o qədər diqqət yetirmirəm. Eyni zamanda hələ ki, qarşıma, sevə biləcəyimmi deyim, həyatımı birləşdirəcəyimmi deyim qız çıxmayıb (gülür..)- Bir də "facebook"da çox aktivsən və əminəm ki, həmyaşlarını da izləyirsən. Onları xarakterizə edərdin mümkünsə... - Bu gün Azərbaycan gəncliyinin böyük əksəriyyətində özünütəsdiq instinkti güclü şəkildə özünü biruzə verir. "Facebook"da da əsasən bu kateqoriyaya aid gənclər üstünlük təşkil edir. Yeni onlar FB-a özlərini ifadə etmək üçün tribuna kimi baxırlar. Ancaq əlbəttə ki, Facebook-un imkanlarından faydalı məqsədlər üçün istifadə edən gənclərimiz də var. Bütün hallarda gənclərimizin sosial şəbəkələrdə aktivliyi təqdir olunmalıdır.- Şair Elçin Mirzəbəylinin belə bir fikri var: “hər il təkrarlanan ad günləri, hər yuvarlaq yaşda depressiya”. Siz necə, depressiya keçirdinizmi, yoxsa hələ tezdir?- Sözün açığı, kifayət qədər soyuqqanlı və rasional adamam. O baxımdan depressiya, hansısa mənəvi sarsıntı keçirmək mənim üçün yaddır. Bu heç də o demək deyil ki, həm də daşürəkəm. Əsla, belə deyil. Sadəcə hadisələrə emosional yanaşmanın xeyirdən çox ziyan gətirdiyi qənaətindəyəm. Bəlkə də, yaşım üçün bu xüsusiyyətlərin olması labüd idi. Necə deyərlər ki, cavanın başı qanlı olar. Görünür cəmiyyət bizi daha tez qarşılayaraq, problemlərin içinə yuvarlayıb ki, bu yaşda soyuqqanlı və praqmatik olmağı öyrənmişik. Amma bir məqamı da unutmaq lazım deyil ki, hər bir yaşın öz gözəlliyi var. Bu mənada yaşını azaltmağa və çoxaltmağa çalışanları, bundan qayğılananları başa düşə bilmirəm. 20 yaş mənim üçün depressiya yox, stimul deməkdir. Güman ki, bu həmişə, qarşıdakı yubileylərdə də belə olacaq.- Deyirlər gənclik etirazçı olur. Amma sizi ittiham edirlər ki, hakimiyyəti daha çox müdafiə edirsiniz. Belə bir iddia var ki, 20 yaşında bu qədər iqtidaryönlü olan Fərid Şahbazlı 30 yaşında necə olacaq?- Biz fikir müxtəlifliyi dövründə yaşayırıq. Bəzən müxtəlif adamların kəskin tənqidi fikirlərinin, ittihamlarının şahidinə çevrilirik. Şəxsən mən bunu normal qəbul edirəm. Hesab eləyirəm ki, məhz fikir müxtəlifliyi şəraitində inkişafdan, rəqabətdən danışmaq olar. Amma bəzən elə də olur ki, insanların hadisələrə yanaşmaları, baxışları adamı heyrətə gətirir. Savaşın da bir əxlaqı var. Tənqid edəndə də gərək elə edəsən ki, bu hər hansı hadisəyə münasibət fonunda olsun. Daha sui-istifadəyə yol verərək, kimlərisə şəxsi mənada ittiham etmək, bu yolverilməzdir. Məni daim hakimiyyəti müdafiə etməkdə ittiham edirlər. Lakin anlamırlar ki, bu mənim mövqeyimdir və buna görə, heç kimə hesabat verməli deyiləm. Deyirlər ki, guya demokrat deyilsən. Demokrat nəyə deyirlər? Bu gün mətbuatda olan hər kəs bilir ki, müxalifət liderləri və gəncləri hansısa iqtidaryönlü, onları dəstəkləməyən qəzetin müsahibə alması mümkün deyil. Əminliklə deyə bilərəm ki, onlar bu qəzetlərə müsahibə verməyəcəklər. Amma mənim üçün fərqi yoxdur ki, bu mətbuat orqanı kimi ruporudur, kimin sifarişini yerinə yetirir, bütün mətbuat orqanlarının suallarına cavab verməyə, fikirlərimi bölüşməyə çalışıram. Konkret olaraq rəhbərlik etdiyim xəbər portalında bütün tərəflərə bərabər imkanlar yaradılıb. Ən radikal şəxslərin belə açıqlamalarına yer veririk. Çünki bu sayt mənim ruporluğum əsasında fəaliyyət göstərmir. Bax bizim müxalifət düşərgəsində təmsil olunub, başqalarına şəbədə qoşanlarla fərqimiz bundadır. Şəxsən mən belə düşünürəm ki, İlham Əliyevin yürütdüyü siyasət dəstəyə layiqdir və atılan bütün addımlar ölkəmizin rifahına hesablanıb. Bu mənada Prezidenti dəstəkləyirəmsə, nəyə görə bu mövqeyimdə qəbahət axtarılmalıdır. Belə yanaşmanın özü anormallıq göstəricisidir.- Belə bir iddia da səslənir ki, hakimiyyəti dəstəkləməyin hesabına bahalı ev, avtomobil, zəngin həyat əldə etmisiniz. Doğrudanmı belə bir şey var? Həqiqətən belədirsə, maşını hansı qarajda gizlətmisiniz?(gülür)- Bu kimi iddialara təbii yanaşıram. Nə yazıq ki, cəmiyyətimiz öndə gedən, bir balaca qabağa çıxan insanları onların maddi nemətləri ilə xarakterizə edirlər. Bu düşüncədə olanlar anlamırlar ki, maddi dəstək ummadan da hansısa işə qol qoymaq olar. Şəxsən mən bu niyyətdə deyiləm. Biz hakimiyyəti ona görə, müdafiə etmirik ki, onlardan umacaqlarımız var, qətiyyən. Biz bu hakimiyyəti ona görə müdafiə edirik ki, Azərbaycanda ona alternativ görmürük. Məni şəxsən yaxından tanıyan adamlar, o cümlədən siz də gözəl bilirsiniz ki, xüsusi imtiyazlarım yoxdur. Sıradan Azərbaycan gəncindən, tələbəsindən heç nə ilə fərqlənmirəm və hamı kimi, mən də ictimai nəqliyyatdan istifadə edirəm. Xüsusi olaraq özümə məxsus evim, biznes strukturum, yüksək gəlirim də yoxdur. Heç buna iddia da eləmirəm. Görünür, kimisə tənqid etməyi, kimlərinsə haqqında şəbədə qoşmağı özü üçün adətə çevirənlərin yuxusunu ərşə çəkmişəm ki, bu kimi tərbiyəsiz, heç bir fakta söykənməyən fikirlər səsləndirirlər. Mən hakimiyyəti müdafiə edirəmsə demək bu mənim ideoloji baxışımdı və insanın düşüncələrinə, baxışına görə başqalarından nəsə umması yumşaq desək əxlaqsızlıqdır.- Qarşıda dayanan hədəflər hansılardır? Gələcəklə bağlı planlarınız nədən ibarətdir?- Planlar çox ola bilər. Amma gərək ki, qurduğun planlar da reallığa və imkanlara adekvat olsun. Bu məqamda haşiyəyə çıxıb deyim ki, konkret olaraq rəhbərlik etdiyim iki qurum – Qaynar.info xəbər portalı və “İslahatçı gənclər” ictimai birliyi heç zaman qrant layihələrində iştirak etməyib. Baxmayaraq ki, indiyə qədər 600-dən artıq layihə gerçəkləşdirmişik, amma bunun heç biri qrant hesabına baş verməyib. Bütün bu işləri minimum imkanlarımız, bəzi hallarda dostlarımızın dəstəyi ilə gerçəkləşdirmişik. Əgər heç bir vəsait olmadan bu qədər işlər görə bilmişiksə, rəqabətə davam gətirmişiksə, çalışacağıq ki, bundan sonra da cəmiyyətə faydalı olaq. Planlarımızı da məhz bu istiqamətdə qururuq.

OXŞAR XƏBƏRLƏR