Bu gün Bakının Fəvvarələr Meydanında Yeni il yarmarkası öz işinə başlayır.
AZXEBER.COM-un verdiyi xəbərə görə, Fəvvarələr meydanında quraşdırılan balaca taxta evlərdə əhaliyə və şəhərimizin qonaqlarına geniş çeşiddə Yeni İl hədiyyələri, oyuncaqlar, güllər, suvenir və aksessuarlar təklif olunacaq.Bakıda ilk dəfə təşkil edilən tədbir xeyriyyə məqsədi daşıyır. Belə ki, yarmarkadan əldə olunacaq vəsait Yeni İl ərəfəsində kimsəsiz və qayğıya ehtiyacı olan uşaqların arzularını gerçəkləşdirməyə kömək edəcək.Dekabrın 20-dək davam edəcək yarmarkanın qapıları hər gün saat 12:00-dan axşama qədər qonaqlar üçün açıq olacaq. Burada onları gözəl musiqi sədaları, rəngarəng sürprizlər, müxtəlif əyləncələr, hədiyyələr və əlbəttə ki, Şaxta Baba və Qar Qız gözləyir. Həmçinin, yarmarkada istedadlı internat uşaqları tərəfindən hazırlanan əl işləri - yumşaq oyuncaqlar, şəkillər, tətbiqi incəsənət növünə aid müxtəlif işlər satışa çıxarılacaq.“Soyuq əllər, isti ürək” adlı tədbirin təşkilatçısı – “Nargis” jurnalı, baş sponsoru “Bank Technique”dir.