Fəzail Ağamalı: “Ermənistanda bir neçə general bu hadisəyə görə öz postunu itirdi”- MÜSAHİBƏ

GƏNCLİK
20:13 27.10.2011
1863

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

Festivalla bağlı AZXEBER.COM portalı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalının müsahibəsini təqdim edir...

- Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı keçirilir.Bu festivala münasibətiniz?

Əvvəlcə mən festivalın fəaliyyətinə uğurlar diləyirəm. Arzu edirəm ki, festival qarşısına qoyduğu məqsədlərə bir-bir çatsın və diqqəti cəlb edən bir layihə kimi cəmiyyətdə yüksək qiymətləndirilsin. Mübariz İbrahimov Azərbaycan xalqının XXI əsrdə söykənmiş olduğu milli-mənəvi dəyərlərin və genetik kodların bu gün Azərbaycan gəncliyinə təqdim etmiş olduğu iradənin ifadə formasıdır. Mən tamamilə əminəm ki, bu gün Azərbaycan gəncliyi Mübariz kimi düşünür, Azərbaycanın maraqlarını müdafiə etməyə hazırdır, vətənpərvərdir və öz torpağını qorumağa hazırdır. Mübariz İbrahimov əslində düşmənə Azərbaycan xalqının kim olduğunu açıq şəkildə göstərmiş bir qəhrəmandır. Onun, düşmənə qarşı kitablarda, Kütləvi İnformasiya Vasitələrində (KİV), məktəblərdə almış olduğu müharibə tərbiyəsi, qisasçılıq hissi və vətən sevgisi ona düşmənə bu cür sarsıdıcı zərbə endirməyə yetdi. Təsadüfi deyil ki, bu hadisə təkcə bizim ölkədə deyil, Minsk qrupuna daxil olan ölkələrin özlərində belə böyük səs-sədaya səbəb oldu. Hətda Ermənistanda bir neçə general bu hadisəyə görə öz postunu itirdi.Təbii ki, Mübarizin atmış olduğu haqqa və ədalətə söykənən bu qəhrəmanlıq addımı nəticəsində düşmən ölkəni tam ayağa qaldırdı və həmin gün matəm elan edildi. Ermənistanda bu hadisədən sonra bizim gücümüz və qüvvəmiz haqqında geniş bir fikir formalaşmağa başlandı. Onlarda anladılarki bu cür hərəkətlər onların sonunu gətirəcək. Xatırlayırsınızsa Azərbaycan prezidenti cənab İlham Əliyev Mübarizin nəşinin geri qaytarılması üçün diplomatik səylər göstərdi və sonda buna nail oldu.

- Bugünki Azərbaycan gəncliyinin vəziyyəti sizdə necə təəssürat yaradır?

Bugün Azərbaycan gəncliyi haqqında müxtəlif fikirlər var. Mən hazırki gəncliyin durumuna çox nikbin baxıram. İndi 30 yaşı olan gəncin Azərbaycan dövləti yarananda 10 yaşı var idi. Yəni, hazırda 30 yaşına qədər olan Azərbaycan gəncliyinin formalaşmasında Azərbaycan dövlətinin müstəsna rolu olub. İndiki gəncliyimizin mütləq əksəriyyəti Azərbaycanın müstəqilliyinə sədaqətlidir, ölkənin müstəqilliyinin dəyərini anlayır, vətənpərvərdir, dövlətə sədaqətlidir. Bildiyiniz kimi hazırda bir çox gənclərimiz xaricdə bizi laiqincə təmsil edir, bayrağımızı ucalara qaldırır.

- Fəzail müəllim, gənclərin problemlərinin həlli üçün dövlət səviyyəsində hansı işlər görülür?

Hər şeydən əvvəl ölkə prezidenti gənclərlə bağlı dövlət proqramının həyata keçirilməsi üçün qərar vermişdi. Xatırlayırsınızsa, cənab prezident gənclərin nümayəndələrini qəbul etdi və onların problemlərini dinlədi. Təsadüfi deyil ki, bu gün Azərbaycan gənclərinin işini aparan nazirlik fəaliyyət göstərir. Həmin nazirlik layihələrə qrantlar ayırmaqla gənclərə stimul verir. Hər kəs gözəl anlayır ki, Azərbaycan üçün gənclik onun ən böyük sərvətidir. Bu sərvət bir çox biznes sahələrindən daha önəmlidir. Hazırda kifayət qədər gənclər xaricdə həm dövlət hesabına həm də, öz şəxsi hesablarına təhsil alırlar. Əsas məsələ bu gəncliyi ölkəyə qaytarmaq və onlardan ölkənin inkişafı üçün istifadə etməkdir.

- Sonda festivalın işinə nə demək istərdiniz?

Mən bir daha sizi bu böyük işlə bağlı təbrik edirəm. Əminəm ki, sizin bu işiniz Azərbaycan gəncliyinə əvəzsiz xidmətlər edəcək.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR