Neftçala rayonundan olan bir qrup sakinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılib.
Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Fidan Qarazadə özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edib. Onun 2014-cü ilin iyun-oktyabr ayları ərzində Neftçala rayon sakinlərindən onları nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ayrı-ayrı qurumlarına işə düzəldilməsini vəd edərək aldatma yolu ilə ümumilikdə 71 min manat məbləğində pul vəsaitini ələ keçirib.
Fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.