Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rasim Kərimov "Trend"-ə müsahibə verib.
AZXEBER.COMbildirir ki, saytın " Əhali arasında yaranmış belə bir fikir var ki, yanğınsöndürənlər çağırışdan sonra hadisə yerinə çox zaman gecikirlər. Bu fikirlə nə dərəcə razısınız" sualına cavabında R.Kərimov deyib:
- Yanğın elə bir hadisədir ki, kimin evində və ya obyektində baş verirsə, həmin vaxt insanlar istər-istəməz emosional vəziyyətdə olur və hər saniyə onlar üçün uzun zaman kimi görünür. Bu baxımdan bizi gecikmədə ittiham edənləri buna görə heç qınamırıq. Bizim əməkdaşlarımız daim yanğın yerinə gələndə belə hallarla rastlaşırlar. Onlardan həmişə niyə gec gəldiklərini soruşurlar. Bir şeyi anlamaq lazımdır. Bakıda - çoxlu sayda avtomobil hərəkətinin, yollarda taxıcların olduğu bir şəhərdə yanğın hissələrinin dislokasiyasını nəzərə alaraq, onların hadisə yerinə çatmasında nə qədər maneə və əngəllərin olduğunu demək olar ki, hamı bilir. Bakıda yanğınsöndürən avtomobilin hərəkəti üçün faktiki olaraq heç bir üstünlük yoxdur. Məsələn, onların işıqforda dayanmaması, qadağan olunmuş yerdən keçə bilməsi deyə bir şey yoxdur. Bu yalnız o halda ola bilər ki, sürücü yüz faiz əmin olsun ki, işıqforda qırmızı işıqdır, amma yolayrıcında heç kim, maneə yoxdur. Sürücü yalnız əlavə heç bir problem olmayacağına əmin olduqdan sonra birbaşa hərəkət edə bilər və buna görə o, qanunvericiliklə heç bir məsuliyyət daşımayacaq.
Qanunvericililiyə görə yanğınsöndürən maşınlar üstünlüyə malik hərəkət vasitəsi hesab edilsə də, bu o demək deyil ki, onlar günün günorta vaxtı necəgəldi hərəkət edə bilər. Sürücü yalnız heç bir qəza şəraiti yaranmayacağına əmin olduqdan sonra digər avtomobillər üçün qadağan olunmuş qaydalara əməl etmədən keçib gedə bilər. Amma bu hallar Bakıda praktiki olaraq yox dərəcəsindədir. Hətta gecələr də şəhərdə intensiv hərəkət olur.
Ona görə də yanğın texnikamız hadisə yerinə hərəkət edəndə demək olar ki, adi vətəndaşın nəqliyyat vasitəsi səviyyəsində hərəkət etməli olur.