Fransa müstəmləkələrindən olan media nümayəndələri Mətbuat Şurasında olub

MEDİA
12:24 25.02.2025
239
Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Azərbaycan Mətbuat Şurasında görüş keçirilib.

Əcnəbi media nümayəndələrinin Bakıya səfəri və görüşləri Bakı Təşəbbüsü Qrupunun (BTQ) təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Mətbuat Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA) və BTQ-nin idarə heyətlərinin üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Mətbuat Şurası Azərbaycan mətbuatı ilə hökuməti arasında körpü rolunu oynayır:

"Qurumun başlıca missiyası media ilə bağlı şikayətləri araşdırmaqdır. Bu zaman "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nı əsas götürürük. Yəni qaydalar pozulubsa, bununla bağlı media orqanlarına tövsiyələr ünvanlayırıq. Azərbaycanda media fəaliyyətinə hər zaman böyük önəm verilib".

Onun sözlərinə görə, Mətbuat Şurası Ümumdünya Mətbuat Şuraları Assosiasiyası və Avropa Müstəqil Mətbuat Şuraları Alyansının üzvüdür:

"Eyni zamanda Mətbuat Şurası dünyanın bir çox jurnalist qurumları ilə də aktiv əməkdaşlıq şəraitində çalışaraq onların qabaqcıl təcrübəsini Azərbaycana gətirməyə səy göstərir".

R.Məcid söyləyib ki, son dövrlər qlobal medianın Azərbaycana qarşı da ədalətsizliyi müşahidə olunur:

"Mətbuat Şurası fəaliyyətini həm də beynəlxalq medianın Azərbaycana qarşı yol verdiyi xoşagəlməz hallara reaksiya verməklə qurur, bəyanatlar yayaraq dünyanın media ictimaiyyətinin diqqətinə əsl həqiqətləri çatdırır. Fransa müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri olaraq sizlər də beynəlxalq ədalətsizliklərlə üz-üzəsiniz. Bu mənada da bizləri birləşdirən ortaq nöqtələr var və bunu da birgə əməkdaşlıq fazasında birləşdirməliyik. Çünki məqsədimiz haqq və ədalətə töhfə verməkdir".

MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli vurğulayıb ki, Azərbaycan mətbuatı üçün bu il çox əhəmiyyətlidir:

"Biz Azərbaycan milli mətbuatın yaranmasının 150-ci ildönümünü qeyd edirik. Hazırda Azərbaycanda 10 televiziya kanalı fəaliyyət göstərir. Onların içərisində ingilis və rus dilində yayım aparanları da var. Azərbaycanda fəaliyyət göstərən dörd informasiya agentliyi isə 10-a yaxın dildə informasiyalar çatdırır. MEDİA jurnalistlərin peşəkarlığının artırılmasına, eyni zamanda media orqanlarının iqtisadi müstəqilliyinə dəstək göstərir".

BTQ-nin İdarə Heyətinin sədri Abbas Abbasov qeyd edib ki, dənizaşırı ada dövlətlərinin media mənsublarının Azərbaycan mətbuatının peşəkarları ilə görüşü təcrübə və fikir mübadiləsi baxımından uğurlu olacaq.

Daha sonra Rəşad Məcid, Natiq Məmmədli və Abbas Abbasov əcnəbi media nümayəndələrinin suallarını cavablandırıblar.
 

 


OXŞAR XƏBƏRLƏR