Fransada istilər həyatı iflic etdi: 72 bölgədə həyəcan siqnalı, qatar reysləri ləğv olundu

Fransada istilər həyatı iflic etdi: 72 bölgədə həyəcan siqnalı, qatar reysləri ləğv olundu
DÜNYA
16:37 09.07.2026
391
Fransada müşahidə olunan güclü isti hava dalğası ölkə boyu ciddi fəsadlara səbəb olub. Meteoroloji xidmət **Meteo-France** bildirib ki, yüksək temperaturun həftəsonunadək davam edəcəyi gözlənilir.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin 72 bölgəsində ekstremal istilərə görə narıncı xəbərdarlıq elan edilib. Proqnozlara əsasən, bəzi ərazilərdə günorta saatlarında havanın temperaturu 41 dərəcəyədək yüksələcək.

Şiddətli istilər xüsusilə Fransanın cənubunda günlərdir davam edən meşə yanğınlarının daha da genişlənməsinə şərait yaradır.

Fransanın daxili işlər naziri Loran Nunez meşə yanğınları ilə mübarizənin gücləndirilməsi məqsədilə prefektlərə könüllü yanğınsöndürənlərin daha operativ şəkildə səfərbər olunması barədə göstəriş verib.

Nazir sosial şəbəkə hesabında Drom, Pireney-Oriental, Ero və Loir-et-Şer də daxil olmaqla bir sıra bölgələrin meşə yanğınlarından zərər gördüyünü bildirib. Onun sözlərinə görə, təkcə ötən gün ölkə üzrə 325-dən çox yanğın qeydə alınıb.

Loran Nunez qeyd edib ki, vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün yanğınsöndürənlər fasiləsiz çalışırlar. O, həmçinin işəgötürənlərə müraciət edərək, ehtiyac yarandıqda könüllü yanğınsöndürənlərin iş saatlarında da xidmətə cəlb edilməsinə şərait yaratmağa çağırıb və bunu artıq tətbiq edən müəssisələrə təşəkkürünü bildirib.

Fransa mətbuatının yaydığı məlumata görə, milli dəmir yolu şirkəti SNCF yüksək temperatur səbəbindən ölkədaxili şəhərlərarası qatar reyslərinin dörddəbirini ləğv edib.

Bundan başqa, Fransanın enerji şirkəti EDF isti hava dalğası ilə əlaqədar Qolfeş şəhərində yerləşən atom elektrik stansiyasının reaktorlarından birinin fəaliyyətini dayandırdığını açıqlayıb.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ölkədə təxminən 256 min yanğınsöndürən fəaliyyət göstərir. Onların 17 faizi peşəkar, 5 faizi hərbçi, 78 faizi isə müxtəlif sahələrdə çalışan könüllü yanğınsöndürənlərdən ibarətdir.
 
Gülay

OXŞAR XƏBƏRLƏR