Yay aylarında yaşayış binalarında səs-küylə bağlı narazılıqlar daha tez-tez gündəmə gəlir.
İstirahət məqsədilə evlərdə keçirilən görüşlər, yüksək səslə dinlənilən musiqi və gecə saatlarınadək davam edən məclislər bəzi hallarda qonşuların rahatlığını pozur.
Bu isə sakinlər arasında mübahisələrə səbəb olur. Bəs qonşunun yaratdığı səs-küy hansı hallarda qanun pozuntusu hesab edilir?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən vəkil Anar Qasımlı bildirib ki, qanunvericiliyə əsasən, gecə saatlarında səs-küyə yol verən şəxslər inzibati məsuliyyət daşıyır və onlar barəsində müəyyən məbləğdə cərimə tətbiq edilir:

"İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24:00-dan 07:00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini yüksək səslə çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər səs aparatlarını gur səslə işlətməyə, eləcə də məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 000 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir".
Fəridə Əsədzadə











































