Ötən ayın 17-19-u Beynəlxalq Mətbuat İnstitutu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşəbbüsü ilə beynəlxalq "Neft, qaz və media" konfransı keçirilib. AZXEBER.COM-un məlumatına görə, ölkə jurnalistikası tarixində ilk tələbə-jurnalist təşkilatı olan "Gənc Reportyorlar Birliyi" də bu konfransda yaxıdan iştirak ediblər. 20-yə yaxın ölkədən gələn 200 civarında jurnalistin qarşılanması və onların konfrans zamanı rahatlığının təmin olunması birbaşa "Gənc Reportyorlar"a həvalə olunub. Məhz konfransda fəal iştirak etdiklərinə görə "Gənc Reportyorlar Birliyi"nin üzvləri ötən gün Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən xüsusi sertifikat və pul mükafatı ilə qiymətləndiriliblər. Birliyin idarə heyətinin sədri Məmməd Ağayevin bildirib ki, xarici jurnalistlərin Azərbaycandan məmnunluqla ayrılmasında həm də "Gənc Reportyorlar"ın böyük rolu var: "Biz, bu uğurumuzla Azərbaycan üçün böyük, özümüz üçün kiçik bir işə imza atmış olduq. Ölkəmizə dünya ictima-siyasi müstəvisində müsbət reputasiya qazandırmaq üçün bundan sonra da bu kimi layihələrdə yaxından iştirak edəcəyik".