Gəncədə nənəsinin evindən 100 min manatdan artıq dəyəri olan əşyaları oğurlayan nəvənin məhkəmə prosesi başa çatıb.
AZXEBER.COM Xitab24.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim qarşısına təqsirləndirilən şəxs qismində 1995-ci il təvəllüdlü Ayxan Əliyev çıxarılıb.
Məlum olub ki, Ayxan nənəsi Sədaqət Cəlalinin Türkiyəyə getməsindən istifadə edərək onun evindəki bütün əşyaları oğurlayıb. O, şəhərin Nəriman Nərimanov prospektində yerləşən mənzilə daxil olaraq pərdələrdən tutmuş boşqablara qədər evdəki əşyaları götürüb və satıb.
Ümumilikdə 102 110 manatlıq oğurluq edən Ayxan Əliyev ittihamların bir qismi ilə razılaşmadığını bildirib. O, oğurluq etməsini çoxlu borcunun olması ilə əlaqələndirib.
Məhkəmədə ifadə verən nənəsi isə ona dəymiş ziyanın bir hissəsinin ödənildiyini, nəvəsi ilə barışdığını və ondan şikayətçi olmadığını deyib.
Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinən A.Əliyevə hökm oxunub. Hökmə əsasən, o, 5 il 4 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.











































