“Gey müğənniyə toyda 15 min avro vermək olar" (MÜSAHİBƏ)

“Gey müğənniyə toyda 15 min avro vermək olar" (MÜSAHİBƏ)
ŞOU-BİZNES
19:25 11.11.2011
4130
Zirəddin Rzayev: “Yaşar Nuri ehtiyatlı olmalıdır” “Gey müğənniyə toyda 15 min avro olar, Zirəddinə 2-3 min olmaz?”Müsahibimlə söhbətə başlayırdıq ki, telefonu zəng çaldı. Anidən gözüm əlinə zilləndi. Dörd telefon işlədən qonağımın əlindəki bu qurğu bir an olsun səsini “kəsmədi”. Özümdən asılı olmayaraq, “heç mənə ad günümdə bu qədər zəng gəlmir, olmaya sizin ad gününüzdür” dedim. Həmsöhbətim “ad günümə saylı günlər qalıb, ancaq bu günü sevmirəm” dedi. Bilirdim ki, bəziləri qocaldıqca doğum günlərində qəmlənirlər, ancaq müsahibim kifayət qədər gəncdir. Düzdür, görkəmi, gəncdir, bəs ruhu? Əslində bu bir tək onun özünə bəllidir. Bizə bəlli etdiklərinə keçməzdən öncə bildirim ki, “Üç nöqtə” qəzetinin budəfəki qonağı ekstrasens Zirəddin Rzayevdir. - Çox insanlar doğum günlərini təmtəraqlı şəkildə qeyd etməyi sevmirlər, hətta bu tarix onlar üçün həyatın ən ağır günü də ola bilər. Bəs Zirəddin Rzayev üçün?- Orta məktəbdə oxuduğum zamanlar ad günüm olanda çox sevinirdim. Ancaq özümü dərk edəndən sonra vaxtımı qiymətləndirdiyimə görə ad günümə nifrət edirəm. - Noyabrın 10-da neçə yaşınız olacaq?- Yubileydir, 30 yaşım olacaq.- Bu yaş müdrikliyin başlanğıcıdır. 30 yaşlı Zirəddin bu gun nələrə təəssüflənir? - Mən həmişə təhsil aldığım üçün sevinmişəm. Hər zaman həkim olmaq istəmişəm. Düzdür, istədiyim sahədə həkim olmasam da, üçüncü təhsilim bilavasitə bununla əlaqəlidir. Rusiyada tibbi psixologiya fakültəsini bitirdim. Mən öz sahəmi çox sevirəm. Bunu etdiyim üçün çox xoşbəxtəm. Ancaq bundan başqa hər zaman aktyor olmaq istəmişəm. Hətta sizə deyim ki, bir zamanlar incəsənətə hazırlaşırdım. Bunu edə bilməməyim isə məni təəssüfləndirir. - Yəqin ki, yubileyinizi istisna hal kimi təmtəraqlı şəkildə qeyd edərsiniz? - SSR-nin xalq artsti Edit Stanislav Piexanın nəvəsi, Rusiyanın sayılıb seçilən müğənnisi Stas Piexa mənim yaxın dostumdur. O, məcbur edir ki, ad günümü qeyd edim. Qərara gəldim ki, ad günümdə bir neçə azərbaycanlı dostlarımla yanaşı Rusiyanın şou ulduzları, telekanalları olsun. İrina Dubçova, “Comedy club”ın uşaqları ilə yaxın münasibətim var. - Bu dostlarınız sizin qəbulunuzda olur? - Təbii ki... Rusiya ulduzları arasında çoxunun mənimlə münasibəti var. Ancaq onların mənə nə ilə bağlı müraciət etdiklərini heç vaxt demərəm. - Daha çox bizim sənətçilər müraicət edir, yoxsa Rusiya ulduzları? - Eynidir. - Səmimi olaraq etiraf etmənizi istərdim: elə məşhur olub ki, kiməsə qarşı mənfi nəsə etmənizi xahiş etsin? - Bizim müğənnilərdən biri mənə demişdi ki, həmkarımlarımdan birinə hiylə qurmaq istəyirəm. Özü də xalq artistlərindən biri idi. Kimliyi barəsində yalnız deyə bilərəm ki, ikisi də kişi müğənnidir. Onda düşündüm ki, insan necə zülmkar ola bilər?! Mən ona açıq dedim ki, bunu etsən, sən özün də zərər çəkəcəksən və adına xələl gələcək. - Görəsən, o insan bu pisliyi etdi?- Yox, yox etmədi. - Bəs indi o insanla münasibətləriniz necədir? Qorxmursunuz ki, sizə də zərər verər? - Yox, bu mənim işimdir. Məsələn, dəli hər vəziyyətdə təhlükəlidir. Həm həkim üçün, həm də ətrafdakılar üçün. Ancaq həkim ona xəstə gözü ilə baxır. Eləcə də mən. Onlar mənim üçün ruhi xəstələrdir.- Yerli jurnalistlər hər zaman kimlərin sizə müraciət etdiyini soruşurlar, maraqlanırlar. Bu hal Rusiya mediasında da təkrarlanır? Onlar da sizə müraciət edən məşhurların kimliyi ilə maraqlanırlar? - Jurnalistlər tez-tez bu barədə sual verirlər. - Bəs həmin məşhurlar sizin qəbulunuzda olduqlarını etiraf edirlər? - Qardaşım qədər yaxın olan dostum Stas Piexa hər zaman müsahibələrində bu barədə danışır. O, qorxmadan, çəkinmədən etiraf edir. Katya Lel, İrina Panovska və digərləri ilə münasibətim var. Onlar bunu etiraf edirlər. Rusiyada bu barədə danışmaq qəbahət hesab olunmur. Ukraynada “Xalqın səsi” müsabiqəsi keçirilirdi. 4 məşhur müğənninin hərəsi özünə 10 istedadlı gənc seçib, yarışmalı idi. Və məşhurların iki köməkçi dəvət etmək şansları var idi. Köməkçilər yarış boyunca onlara dəstək olub, doğru qərar verməkdə yardımçı olacaqdılar. Onda Stas da məni seçmişdi. Hələ seçimlər gedərkən söyləmişdim ki, gözü zəif olan iştirakçı qalib olacaq. Natali adlı güclü bir ifaçı var idi. Hamı onun qalib olacağını düşünürdü. İnanın ki, bir neçə ay sonra İvan adlı gözü zəif görən gənc birinci oldu. Hətta onda Stas dedi ki, qalib İvan deyil, Zirəddindir. Çünki, biz seçim edərkən, artıq o, qalibin kim olacağını demişdi. - “Xalqın səsi” müsabiqəsindəki proqnozunuzun düz çıxdığını dediniz. Ancaq siz həm də ”“Eurovision 2011”-lə bağlı da proqnoz vermişdiniz...- Açıq desəm, mən bu müsabiqə ilə bağlı qəti fikir söyləməmişdim. Bundan əlavə, insan amili olan yerdə yanlışlıqlar da ola bilər. Həkimin əlində xəstə ölə də bilər. Deyə bilmərik ki, xəstə niyə öldü? Bu insanların dar düşüncəsidir. Çox zaman jurnalistlər tanımadığım, görmədiyim bəzi insanlar barəsində soruşurlar. Mən də məcbur qalıb, insanları qırmamaq üçün fikir bildirirəm.- Fərqinə varmadan fikir bildirməklə öz imicinizə də xələl gətirmiş olursunuz. Bu sizi narahat etmir? - Bəli, tamamilə razıyam. Lakin kamera qarşısında suala cavab verməyəndə də birmənalı qarşılanmır. Təvazökarlıq kimi çıxmasın, hərdən özümü kompyuterə bənzədirəm. Sanki, dəlilərin əlinə veriblər, hələ bir düyməni basır. İnandırım sizi, “Eurovision” da sözü məndən kəlbətinlə aldılar. - Söhbətin əvvəlində hələ ki, reallaşmayan aktyorluq istəyinizdən danışdınız. Bəs seriala, kinoya çəkilmək təklif olunsaydı, qəbul edərdiniz? - Yox. Çünki, artıq özümü başqa sahədə görürəm. Həm də vaxtım məhduddur. Ancaq hansısa filmdə görücü roluna çəksəydilər, razılaşardım. - Bir çox psixoloqlar var ki, onları seriallarda aktyor kimi görmək mümkündür. - Sizə bir söz deyim. Psixoloq - anadangəlmə aktyor deməkdir. Yanıma dəli gələndə istər-istəməz onunla dəli dilində danışıram, oynayıram. Cinayətkarla cinayətkar kimi danışıram. Əgər sən xəstəni inandırmasan, onun tərəfində olduğunu hiss etdirməsən, müsbət nəticə əldə edə bilməzsən. Ona görə də məcbursan ki, oynayasan. Aktyor tamaşaçını ağlada və ya güldürə bilirsə, deməli, onun düşüncəsinə təsir edir. - Azərbaycanda psixoloq anlayışı son illər düzgün formada qəbul olunur. Bu gün bu sahədə çalışanların sayı da artmaqdadır. Sizin qəbul etdiyiniz, bəyəndiyiniz psixoloq var? - Qəbul etdiyim və hörmət bəslədiyim bir psixoloq var. Əslində onunla heç bir tanışlığım yoxdur. Efirdə görmüşəm, Fəxriyyə adında bir xanımdır. Soyadını bilmirəm. (F. İbrahimova – red.) Onun danışığı, savadı xoşuma gəlir. Bu gün bizdə psixoloqla psixiator sözünün fərqini bilmirlər. - Ancaq etiraf edək ki, Zirəddin Rzayev adı heç də birmənalı qarşılanmır. - Bu yaxınlarda məndən Elza Seyidcahanla bağlı soruşdular. Dedim ki, Elzanın uşaqlıq dünyasının vurğunuyam. Amerikada itə kilsə tikirlərsə, təyyarədən tullanıb göydə nigah kəsdirirlərsə və bunu əcnəbilər normal qəbul edib, hətta “Ginnes”ə də salırlarsa, niyə bizdə də olmasın? Qoy, Elza heyvanlara konsert versin. Əsas odur ki, o, zərərsiz insandır. Heç kimi təhqir etmir, söymür. Etdiklərimi birmənalı qarşılamayanlara deyirəm ki, bu sahədə mənim elmi dərəcəm yoxdur. Ancaq siz mənə elə bir akademik göstərin ki, mənim etdiklərimi edə bilsin?!- Yəni iddialısınız?! - Təbii ki... Allahın mənə verdiyi bu gücün qarşısında acizəm. Bu mənim savadım deyil, Allahın bəxş etdiyi gücdür. - Tez-tez eyni mövzularla bağlı sizə suallar verilir ki, bu da müzakirələrə səbəb olur. Bu sizi bezdirmir? - Artıq məni bu sözlərə qarşı sanki “peyvənd” ediblər. İlhamə Quliyeva hər zaman deyir ki, sən varsan ki, danışırlar. Pis və ya yaxşı fərq etməz. Mən artıq dərk etmişəm ki, kiməm. Afaq Bəşirqızının bostanına daş atanlarla bağlı sual veriləndə bir yaxşı fikir işlətmişdi. Dedi ki, indi siz deyirsiniz ki, mən o boyda yolu aşağı düşüm, buna cavab verib, sonra da əziyyətlə yuxarı qalxım?! Təvazökarlıq olmasın, bəzən qulaqardına vurmaq lazımdır. - Seanslarınızın qiymətinin baha olduğunu deyənlər də az deyil. Deyilənə görə, 2000-3000 manata baxırsınız.- Bu yaxınlarda Atv kanalında verilişdən çıxanda həyətdə çoxlu insan toplaşmışdı. Bir qadın özünü maşının altına atdı. Maşın getsə də, geri çəkilmirdi. Mən dayana bilmədim, çünki, digər insanlar da yaxınlaşacaqdı. Axırda birtəhər “vizitka"nı atıb dedim ki, zəng elə de ki “maşından sallanan qadınam”. Çox kasıb idi. Rusiyaya qatarla gəldi. Öncədən demişdim ki, mən payıma düşəni istəmirəm, klinikanın pulunu ödəyərsən. Ora gələndə klinikanın müdiri ilə danışdım, hətta o yarı məbləği də almadılar. Ancaq həqiqətən də qəbulum çox bahadır. Mənim heç kimdən aslılığım yoxdur ki, danım. Və bu da təbiidir. Necə olur ki, “Mərhəmət sorağında” verilişində həkim körpəyə həyat bəxş etmək üçün 60-70 min avro pul istəyir? Gey müğənni toyda 1 saata 15 000 avro alır, lakin Zirəddin insanlara fayda verdiyi halda 2000- 3000 ala bilmir?! - Proqnoz bəzən özünü doğrultmaya bilər... Bu hal baş verərsə, həmin şəxslərin sizə münasibəti necə olur? - Ola bilər. Məsələn, kiməsə baxanda mikrofon görürəm. Amma bu insan aparıcı da ola bilər, müğənni də. Əslində düz görmüşəm, sadəcə bəzən əlaqələndirə bilmirəm. Avropada baş vermiş vulkanla bağlı söyləyəndə, bilmirdim ki, vulkan olacaq. Sadəcə olaraq Avropada göyün üzündə qara buludlar görürdüm. Etiraf edirəm ki, səhvlərim olur. Ancaq əsas odur ki, bu səhvlər necə faiz ola bilər? - Qüsurlarınıza görə Sizə qarşı çıxan xəstələriniz olub? - Yox, olmayıb. Həkim xəstəyə dərman yazanda, gedib aptekdən alırlar. Dərman kömək etməyəndə, əczaçıya demir ki, pulumu qaytar?! - 2012 ci il Zirəddinin gözündə necə görünür? Xatırladım ki, bu ili dünyanın sonu kimi dəyərləndirənlər də az deyil. - “İnsanların dünya dağılacaqdı” deməsi, artıq Allahdan bunu istəməsinə gətirib çıxardır. Niyə insanlar bunu istəyir? Mən məəttəl qalıram. Qiyamət günü barəsində yayılan bütün fikirlər yanlışdır. Bu ilahi sirrdir. Quran, Tövrat, İncirdə də sirr olaraq qalmaqdadır. Quran gələcəkdən xəbər verir. Bir dəfə Peyğəmbər gecə ağlayanda həyat yoldaşı soruşur ki, niyə ağlayırsan? Onda Peyğəmbər cavab verir ki, öz günümə ağlayıram, görəsən, gələcəyim necə olacaq? Arvad deyir ki, əgər sən Peyğəmbər olduğun halda ağlayırsansa, vay bizim halımıza. Görürsünüz, hətta Peyğəmbər də özünə əmin deyildi. 2012 ci il o qədər də uğurlu il deyil. Təbii fəlakətlər artacaq. - Azərbaycanda zəlzələ gözlənilir?- Mən Azərbaycanla bağlı proqnoz verməkdən qorxuram. Bəzi mətbuat vasitələrində yazılıb ki, guya terror olacağını demişəm, yalan çıxıb. Halbuki bu barədə heç bir fikir bildirməmişəm. Mən səhvlərimi etiraf edən insanam. Bəzi qüvvələr var ki, məni gözdən salmağa çalışırlar. - 2012 – cil ildə şou əhlini nə gözləyir?- Bu ilin əvvəllərində itkilər olacağını demişdim. Gördüyünüz kimi, incəsənətimizdə ağır itkilər oldu.- Deyəsən, bir nəfər qalıb...- Allah canına dəyməsin, nə deyim?! 2012 ci ildə incəsənət nümayəndələri arasında iki nəfər dünyasını dəyişməlidir. - Hazırda səhhətində müəyyən problemlər yaşayan xalq artisti Yaşar Nurinin vəziyyətində nə kimi dəyişikliklər gözlənilir? - Aprel, iyul, avqust aylarında səhhətində problemlər ola bilər.Üç nöqtə qəzeti
OXŞAR XƏBƏRLƏR