Girnədə baş verən gəmi qəzasına görə 2 azərbaycanlı saxlanıldı - AÇIQLAMA

Girnədə baş verən gəmi qəzasına görə 2 azərbaycanlı saxlanıldı - AÇIQLAMA
SOSİAL
13:18 31.08.2026
369
Girnədə "Filo Jet” sərnişin gəmisinin aşması nəticəsində baş verən qəza ilə bağlı yeni detallar açıqlanıb.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu AZXEBER.COM-a bildirib ki, axtarış-xilasetmə əməliyyatları gecə boyu davam etdirilib:

"Gəmidə olan 267 nəfərdən 249-nun yeri müəyyənləşdirilib. Onlardan 241 nəfər xilas olunub. Qəza nəticəsində 8 nəfər həyatını itirib, 18 nəfərin axtarışı davam etdirilir”.


O qeyd edib ki, əməliyyatlara Türkiyədən göndərilən təyyarə, PUA və helikopterlər cəlb olunub: 

"Əməliyyatlara Türkiyədən göndərilən təyyarə, PUA və helikopterlərlə yanaşı, Sahil Mühafizəsinin katerləri və digər dəniz vasitələri cəlb olunub. Xüsusi gecəgörmə imkanlarına malik vasitələr də axtarışlara dəstək verib. Axtarış-xilasetmə işləri gecə ərzində 13 gəmi və 2 helikopterin iştirakı ilə fasiləsiz davam etdirilib. Bölgədə yaradılan Böhran Mərkəzi 24 saatlıq rejimdə fəaliyyət göstərib. Hazırda xəsarət alanların böyük hissəsinin xəstəxanalardan evə buraxıldığı bildirilir”.

Orxan Həsənoğlu qəza ilə bağlı gəminin kapitanı və daha 7 nəfərin saxlanıldığını da açıqlayıb:

"Qəza ilə bağlı gəminin kapitanı və daha 7 nəfərin saxlanılıb. Saxlanılan heyət üzvləri arasında iki Azərbaycan vətəndaşı da var. Hazırda soydaşlarımızın hüquqi və ya cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı hər hansı qərar yoxdur. Faciənin obyektiv araşdırılması üçün komissiya yaradılıb. Prosesi yaxından izləyirik və ehtiyac yarandığı təqdirdə soydaşlarımıza zəruri mənəvi və hüquqi dəstək göstəriləcək”.

"Faciə nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralananlara şəfa, itkin düşən şəxslərin isə ən qısa zamanda tapılmasını arzulayırıq”,-deyə Orxan Həsənoğlu bildirib.

Qeyd edək ki, faciə ilə əlaqədar ölkədə 3 günlük milli matəm elan edilib.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR