Gülər Əhmədova istirahətdə, işçilər isə maaşlarını istəyir

Gülər Əhmədova istirahətdə, işçilər isə maaşlarını istəyir
MEDİA
10:03 07.11.2012
1400
Eks deputat, adı rüşvət qalmaqalında hallandırılan Gülər Əhmədova ilə bağlı hakimiyyət konkret addım atmasa da, onun vəziyyətinin yaxşı olmadığı iddia olunur.
Ən azı, təsisçisi olduğu “Mərkəz” qəzetinin durumunda. Qəzetdə çalışan jurnalistlər maddi durumlarından narazıdırlar. Bu barədə qəzetimizə onlardan biri məlumat verib. O deyib ki, yaranmış vəziyyətə etiraz əlaməti olaraq öncə qəzetin redaktoru Qızılgül Abdinova istefa verib. Lakin kollektivdə qalanlar hələ də maaşlarını ala bilməyiblər.Əməkdaşlar təsisçini sonuncu dəfə oktyabrın 16-da görüblər. Bir dəfə də Qurban bayramı zamanı gəlib. Həmin vaxt jurnalistlərlə görüşməyən G.Əhmədova kollektivə ümumən 800 AZN yollayıb və onu heyətin arasında bölüşdürmək tapşırılıb. Son olaraq kollektivə pul paylanması 3-4 gün əvvəl baş verib. Həmin vaxt da əməkdaşların hər birinə 100-300 AZN məbləğində pul çatdırılıb. “Mərkəz”çilər məlum qalmaqala qədər hər ayın 15-də məvaciblərini alıblar. Amma son iki ayda jurnalistlərə və redaktor heyətinə normal pul verilmir.G.Əhmədova işçilərə söz verib ki, bu ayın 16-da bütün borclar qapanacaq. Verilən vədə əməl olunmasa, jurnalistlərin ciddi narazılıq yaradacağı gözlənilir.G.Əhmədova “Mərkəz”çilərlə söhbətində qəzetin maddi durumu barədə hər hansı açıqlama verməyib. Sadəcə, redaktorlar vasitəsilə müxbirlərə xəbər göndərir ki, “dözsünlər, vəziyyət düzələcək”.Q.Abdinovanın da redaksiyadan getməsinə səbəb məvacib problemidir. Redaktor kimi 800 AZN məvacib almalı olan həmkarımıza ötən ay cəmi 300 AZN pul verilib.Bu arada, qəzetə də təzyiqlər edilib. İctimaiyyət bundan xəbər tutmayıb. Lakin təxminən 20 gün bundan əvvəl redaksiyanın yerləşdiyi Hökumət Evinin İşlər İdarəsindən bəzi nümayəndələr gəlib, redaksiyanı təmir etdirəcəklərini söyləyiblər. Amma müşahidəçilər bunun bəhanə olduğunu düşünürlər. Onların iddialarına görə, bu hərəkət G. Əhmədovaya qarşı həmin zamanlar edilən təzyiq vasitələrindən biri olub. Xatırladaq ki, sabiq deputatın susması və ardıcıl hədələrini, açıqlamalarını dayandırması da məhz həmin dövrə təsadüf edir.Hazırda evində istirahət edən G. Əhmədovanın səhhətində hər hansı ciddi problem yoxdur. Yaxınları onun ancaq qan təzyiqindən əziyyət çəkdiyini deyirlər.Bundan başqa, redaksiyamıza məlumat verən mənbə G.Əhmədovanın ötən həftə istintaqa ifadə verdiyini dedi.Dünən əməkdaşımız G.Əhmədova ilə əlaqə yaratmağa cəhd göstərdi. Sabiq deputatın telefonuna cavab verən şəxs onun səhhətində problem olduğunu, yanında həkim olduğu üçün danışa bilməyəcəyini söylədi.Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə “Yeni Müsavat”a açıqlamasında G.Əhmədovanın istintaqa 9 oktyabr tarixində, şahid qismində ifadə verdiyini dedi. E.Sultanovdan “bu, sabiq deputatın istintaqa ilk və son ifadəsi olub” - deyə soruşanda isə ilginc bir yanaşma ilə qarşılaşdıq: “Yazın ki, Eldar Sultanov bu barədə hər hansı şərh vermək istəmədi”.ABU-nun sabiq rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin istintaqa çağırılması ilə bağlı prokurorluğun hansı addımlar atdığını da öyrənmək istədik. Mətbuat xidmətinin rəhbəri bu sualımızı da araşdırandan yarım saat sonra belə bir “informasiya” verdi: “Bu sualın cavabı olaraq da yaza bilərsiz ki, Eldar Sultanov hər hansı şərh vermək istəmədi. Mənim cavabım budur. Xahiş edirəm, cavabımı saf-çürük etməyəsiniz”.Bu da ölkədə diqqət mərkəzində olan bir cinayət işi ilə bağlı Respublika Prokurorluğunun mövqeyidir. Şərhsiz, saf-çürüksüz.../musavat.com/
OXŞAR XƏBƏRLƏR