“Ölən heç vaxt torpaq ola bilməz. Ölən şüur və idea ola bilər. Nə qədər ki, bu ideya, şüur bizim beynimizdədir, torpaqlarımız işğal olunsa da, biz onları itirməmişik”.
Bu sözlər dünən Şimali Kipr Türk Cümhuriyyəti Doğu Akdeniz Universitetində universitetin Azərbaycan Cəmiyyəti tərəfindən keçirilən “Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər” elmi-praktik konfransında iştirak edən Azərbaycan millət vəkili Gülər Əhmədova tərəfindən səslənib. Bu barədə universitetin Azərbaycan Cəmiyyəti üzrə Mədəniyyət şöbəsinin müdir müavini Cəfər Mənsimi məlumat verib.
Məlumata görə, konfransda 1-5 Noyabr tarixlərində Şimali Kiprdə işgüzar səfərdə olan Azərbaycanın millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr komissiyasının üzvü və Respublika Uşaq Təşkilatının sədri Gülər Əmədova və tarixçı alim, professor, millət vəkili Musa Qasımlı iştirak ediblər.
Öncə konfrans Azərbaycan və Türkiyənin dövlət himnləri ilə açıq elan edilib.
Bundan sonra DAU Azərbaycan Cəmiyyətinin prezidenti Elçin Süleymanov çıxış edərək, keçirilən belə konfransların əhəmiyyətindən söhbət açıb. Bildirildi ki, konfrans tariximizi, mədəniyyətimizi təbliğ etmək və gənclərin dünyagörüşünü artırmaq məqsədi ilə keçirilir.
Daha sonra söz millət vəkili Gülər Əhmədovaya verilib. Millət vəkili elmi-praktik konfransda “Azərbaycan-Türkiyə münasibətləri və bu münasibətlərin inkişaf etdirilməsində gənclərin rolu” mövzusunda çıxış edib. Millət vəkili Gülər Əhmədova öz çıxışında Azərbaycanın xarici siyasəti, diaspor fəaliyyəti, gənclərin dövlətçiliyin möhkəmləndirilməsindəki rolu, elmi, təhsili və mədəniyyəti barədə ətraflı danışıb. Millət vəkli azərbaycanlı gəncləri xaricdə bir arada görməsindən və onların qarşısında çıxış etməsindən zövq aldığını bildirib. O, öz çıxışında gəncləri tariximizə biganə yanaşmamağa, harada olduqlarından asılı olmayaraq, milliyətçi olmağa, mədəniyyətimizi layiqincə təmsil etməyə səsləyib: “Arzu edirəm ki, tələbəlik həyatınızı çox faydalı keçirəsiniz. Burada Azərbaycanın adını yüksəklərə qaldırmaq üçün əlinizdən gələni edəsiniz. Maddiyyat gedən və gələndir. Geriyə qayıda bilməyən bir şey isə insanın arzusudur. İnsan arzusundan əl çəkdiyi zaman isə arzusu ilə sağollaşır. Azərbaycan və Türkiyənin ən böyük xöşbəxtçiliyidir ki, bu dövlətlərə tərcüməçi lazım deyil. Çünki, onlar bir-birlərini çox yaxşı başa düşürlər”.
Bundan sonra tarixçi alim, millət vəkili Musa Qasımlı “Azərbaycan və Türkiyə: ortaq tariximiz və gənclər” mövzusunda çıxış edib.
Konfransda universitetin prorektoru, professor Məcid Haşempour ilə yanaşı, univeristetin tarix müəllimləri və tələbələr də yaxından iştirak edib.
Konfrans qarşılıqlı dialoq və sual-cavab formatında davam etdirilib. Millət vəkilləri Şimali Kiprdə təhsil alan gənclərin çoxsaylı suallarını cavablandırıblar. Bundan başqa, gənclərin fikir və təklifləri dinlənilib.
Sonda Azərbaycan Cəmiyyəti adından millət vəkillərinə təşəkkür edilib.
Konfransın yüksək səviyyədə keçirilməsinə dəstək olduğu üçün millət vəkili Gülər Əhmədova xüsüsi təşəkkürnamə ilə təltif olunub.
Tələbələr keçirilən belə tədbirlərin zəruriliyindən söhbət açaraq, gələcəkdə də bu cür tədbirlərin tez-tez təşkil olunmasını arzulayıblar.
Görüşdən sonra gənclər bir-biriləri ilə daha sıx münasibət qurmaq imkanı əldə ediblər.
Konfransdan sonra DAU Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə millət vəkili Gülər Əhmədovanın Şimali Kipdə fəaliyyət göstərən ictimai-siyasi qəzetlərin redaktorları ilə görüşü baş tutub. Millət vəkili Gülər Əhmədova Şimali Kiprdə nəşr olunan ən çox tirajlı qəzetlərin redaksiyalarında olub. “Mərkəz” qəzetinin təsisçisi Şimali Kiprdəki qəzetlərin fəaliyyəti ilə yaxından tanış olub, tərəflkər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.