“Unudulmaz bir görüş...”.
Üç yaşında Nabranda iki ayağını itirən İmran Cəfərzadə Almaniyada xərçənglə mübarizə aparan tanınmış teleaparıcı Hacı Nuran Hüseynovla görüşüb.
AZXEBER.COM xəbər verir ki, Hacı Nuran 4 yaşlı İmranla çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşıb. O, yaşadığı faciədən sonra 16 cərrahi əməliyyat keçirən 4 yaşlı İmranın Almaniyada müalicəsinin davam etdiyini yazıb.
Hacı Nuran fotoları paylaşaraq birinə belə şərh verib: “Keçən il Nabranda iki ayağını itirən və Heydər Əliyev Fondunun yardımı ilə Almaniyada müalicə alan İmran Cəfərzadə ilə unudulmaz bir görüş...”.
Xatırladaq ki, İmran Cəfərzadə 3 yaşında olarkən bir ayağını tam, ikincisini isə qismən itirib. Uşaq 2013-cü il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hovuzda olarkən yaxınlıqda quraşdırılmış “Akvapark” adlanan qurğu işə salınıb. Bu vaxt su borusunun hovuzun içərisində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.
İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.


