Hacıbəy Heydərli: "Gənc yazarların ən böyük problemi kütlə içinə çıxa bilməməkdir"

GƏNCLİK
20:38 06.09.2011
2164
Yazarlarımızın sayı günü-gündən artır. Lakin sevilib sayılan yazarlarımız öz potensial oxucularını qoruyub saxlaya bilmirlər. İstənilən əsər istənilən oxucunun maraq dairəsində ola bilər. Bu bir tərəfdən əsərdə aşılanan fikirdən asılıdırsa, digər tərəfdən həmin oxucunun bədii zövqündən qaynaqlanır. Düşünürəm ki, gənc yazarlarımız bunları nəzərə alaraq qələmə sarılır. Lakin ərsəyə gələn əsərdən oxucunun xəbərdar olma məsələsi həmin yazarları düşündürür, yazarın tanınıb-tanınmamaq məsələsi gündəmə gəlir. «Mərkəz» gənc yazarların ictimaiyyətdə tanınmamasının səbəblərini araşdırdı.Nigar Qulamova, 3-cü kurs tələbəsi: “Vallah, əksər gənclərin kitaba marağı azalıb. Başları sosial şəbəkələrə qatışıb. Mən özüm tələbəyəm və kitablara marağım həddən artıq çoxdur. Artıq Aqşin Yenisey, Kənan Hacı, Nərmin Kamal, Əli Əkbər özlərini təsdiq ediblər. Mən ən çox layihə şəklində çap olununan kitabları alıram. Məsələn, Rafiqə Erkini bir gənc yazar kimi “Birinci kitab” seriyasında çap olunmuş “Divin nağılı” hekayələr kitabından sonra tanıdım”.Gülsüm Ağayeva, dəftərxana müdiri: “Yəqin ki, gənc yazarlarımızın maliyyə problemləri var, özlərini yetərincə reklam edə bilmirlər. Amma özlərini tanıdan gənc yazarlarımız da var”.Aydın Məmmədov, fəhlə: “Mən məktəb üzü görməmişəm. Hərf tanımıram, qaldı ki, yazar tanıyam. Günə 13 manata işləyirəm”.Rəşad İdrisov, 4 kurs tələbəsi: “Belə desək, bir az mübaliğəli çıxar, amma həqiqətən elədir – daydayları yoxdur. Gənc yazar tirajı 300 olan üçüncü dərəcəli qəzetdə yazır, dar bir auditoriyaya çıxışı olur. İndi Sovet dövründə olduğu kimi tirajı yüz minləri ötən “Ulduz”lar yoxdur. Onda gənclər də tanınar, ədəbiyyat da inkişaf edər. Televiziyarı yaradıcılıq, ədəbiyyat maraqlandırmır. Həftədə bir-iki veriliş olmalıdır ki, oraya gənc qələm sahibləri çağırılmalıdır, debatlar keçirilməlidir. Gənc yazarların yeni çapdan çıxmış kitabları pulsuz reklam olunmalıdır”.Ruzbey Ağabalayev, menecer: “Kitab oxumağa vaxtım olmur. Gəncləri yox, amma klassikləri tanıyıram”.Aynur Səfərova, 2-ci kurs tələbəsi: “Təbliğatdan asılıdır gənc yazarlarımızın tanınması. Gəlin görək kimlər təbliğ olunur – şitlər, yəni Zaurkimilər, Rəqsanəkimilər, pişik Günelkimilər və s”.Kərim Xudayev, təqaüdçü: “Mən özüm dil-ədəbiyyat müəlimi olmuşam, amma indi işləmirəm. Gənclərimiz uçuruma sürüklənir, savadları yoxdur sözləri düzgün ifadə etsinlər. Gələk sizin məsələyə – mən gənclərdən çox klassikləri tanıyıram”.Aygün İsalı, 4-cü kurs tələbəsi: “Gənclərin çoxunda kitaba maraq azalıb. Bir çox gənc informasiyanı internetdən əldə etdiklərindən o gənclər üçün kitabın marağı ölüb. Qaldı ki, gənc yazarlara, Nərmin Kamalı, Samir Sarını, Qan Turalını sevərək oxuyuram”.Gülxar Həsənzadə: “Belə dəsək daha uyğun olardı, çünki yazarlar çoxalıb, oxuyan da az. O üzdən tanınmırlar gənclər”.

Hacıbəy Heydərli, jurnalist: “Bir gənc olaraq onların yazılarını oxuyuram və bəyənirəm. Düşünürəm ki, gənc yazarların ən böyük problemi kütlə içinə çıxa bilməməkdir. Çünki bəzilərində belə stereotip yaranıb ki, əgər bu gəncdirsə, heç nə yaza bilməz və bunun yazısını oxumayaq. Amma belə deyil. Onların reklama, piyara ehtiyacları var. Yazarlar öz yazılarını qəzetlərə, saytlara verməlidirlər. Əminəm ki, onların adı brendləşəndən sonra nə yazsalar, oxunacaq. Sadəcə, bu mərhələyə çatmaq lazımdır. Ad çəkməyə qalsa, mən Aqşin Yeniseyi, Günel Mövludu, Kəramət Böyükçölü sevə-sevə oxuyuram”.

Tural Türk 

Mərkəz qəzeti

OXŞAR XƏBƏRLƏR