Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
AZXEBER.COM Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata istinadən xəbər verir ki, Bakı İstintaq təcridxanasında saxlanılan 1988-ci il təvəllüdlü, Abdullayev Rəşad Dilavər oğluna vətəndaş Əbdülbağıyeva Sayad Mirzağa qızının gətirdiyi sovqata baxış keçirilən zaman qış geyimlərinin arasında gizlədilmiş daxilində danışıq kartı olmayan 1(bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Həmin gün Qobustan Həbsxanasında cəza çəkən 1991-ci il təvəllüdlü Sadıxzadə Nurlan Azər oğlunun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Məmmədov Orxan İsmayıl oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman dovğa yeməyi olan qazanın içərisində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 1 (bir) ədəd “BlackBerry”, 1 (bir) ədəd “Samsunq”, 2 (iki) ədəd “Nokia” markalı mobil telefon aparatları, 1 (bir) ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş qulaqcıq və 2 (iki) ədəd mobil telefon aparatının elektrik qidalandırıcısının başlıqları aşkar edilərək götürülüb. 3 saylı İstintaq təcridxanasında isə 1963-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Əbdülrəhmanov Fərhad Ramiz oğluna vətəndaş Ağayev Mehman Musa oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman dəri gödəkçənin astarının içərisində gizlədilmiş, sellofana bükülmüş, yaşıl rəngli, spesifik iyə malik, 1 (bir) ədəd bükümdə, xalis çəkisi 3.24 qr olan narkotik maddə qurudulmuş “marixuana” aşkar olunaraq götürülüb. Hazırda faktlarla bağlı araşdırma aparılır.




