"Həm valideynlər, həm də müəllimlər uşaqlara fiziki zorakılıqdan çəkinməlidirlər" - Deputat

"Həm valideynlər, həm də müəllimlər uşaqlara fiziki zorakılıqdan çəkinməlidirlər" - Deputat
SOSİAL
16:55 12.03.2026
207
Xəbər verdiyimiz kimi, tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb. 

Milli Məclisin deputatı, Elm və təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələ artıq dünyanın bir çox ölkələrində tətbiq olunan bir yanaşmadır:

"Dünyanın müxtəlif dövlətlərində də bu istiqamətdə davamlı olaraq müxtəlif addımlar atılır və tədbirlər həyata keçirilir. Azərbaycanda da artıq belə addımların atılması nəzərdə tutulur. Nəzərə almalıyıq ki, müasir dövrdə istər müəllim, istərsə də valideyn tərəfindən uşaqların döyülməsi əks təsir verir. Bəzən hansısa müəllim uşaqlara qarşı sərt davrandıqda sosial şəbəkələr və media bu mövzunu geniş şəkildə müzakirə edir. Bu da göstərir ki, cəmiyyətdə bu məsələyə həssas yanaşma var. Ona görə belə bir addımın atılması zərurətdən irəli gəlir”.

Parlamentari qeyd edib ki, belə davranışlar uşaqların tərbiyəsinə mənfi təsir edir:

"Bu cür davranış onların psixologiyasına və düşüncə tərzinə ciddi zərər vurur. Belə bir qərarın qəbul edilməsinin ciddi səbəbləri var. Həm valideynlər, həm də müəllimlər uşaqlara fiziki zorakılıq tətbiq etməkdən çəkinməlidirlər. Bu cür davranış uşaqların psixologiyasına, düşüncəsinə və tərbiyəsinə mənfi təsir göstərir və onların psixoloji durumunu ciddi şəkildə zədələyə bilər. Uşaqlara qarşı fiziki zorakılıq tətbiq edilməməlidir. Təlim və tərbiyə prosesində uşaqların qorunması və sağlam inkişafı olduqca vacib və mühüm məsələdir”.

Qeyd edək ki, layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR