“Həmin qız oğlan kimi hərəkətlər edir, oğlan kimi yeriməyi, oğlan kimi danışmağı öyrənir” – FOTO MÜSAHİBƏ

GƏNCLİK
00:30 01.11.2011
4315

Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir. Festivalın informasiya partnyoru AZXEBER.COM portalı paytaxtdan festivala qatılan truppaların təlim-məşq toplantılarından müsahibələr təqdim etməkdə davam edir. AZXEBER.COM portalı “Aslanın erkəyi dişisi olmaz” pyesinin quruluşçu rejissoru Elgün Həmidovun rejissorluğu ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tərkibində fəaliyyət göstərən tələbə teatrının hazırladığı tamaşasının təlim-məşq toplantısından hazırlanmış müsahibəni təqdim edir...

-Özünü oxucularımıza təqdim et...

Elgün Həmidov. ADMİU-nun estrada rejissorluğu fakültəsinin 3-cü kurs tələbəsiyəm.

-Elgün, necə oldu ki, festivala qoşulmaq qərarına gəldin?

Festivalla bağlı internetdəki elanları gördüm və mənə maraqlı gəldi. Vətənpərvərlik mövzusunda olması mənim üçün daha böyük rol oynadı. Fikirləşdim ki, gənclər arasında keçirilən bir müsabiqədə mənim də iştirak etməyim gələcəkdəki fəaliyyətim üçün müsbət nəticələnə bilər. Buna görə mən də müraciət etdim və müraciətim qəbul olundu. Daha sonra isə mənə ssenarilər təqdim edildi və mən onların arasından “Aslanın erkəyi, dişisi olmaz” ssenarisini götürdüm.

-İstərdim, bir az da “Aslanın erkəyi, dişisi olmaz” pyesi haqqında oxucularımıza məlumat verəsən.

Bu pyesin mövzusu bir qızın həyatından bəhs edir. Qızın ailəsini ermənilər öldürüb, onun heç kimi qalmayıb. Bundan sonra həmin qız oğlan kimi hərəkətlər edir, oğlan kimi yeriməyi, oğlan kimi danışmağı öyrənir və orduya gedir. O burada bir neçə döyüşə qatılır və sonda o yaralanandan sonra onun qız olması ortaya çıxır.

-Bəs sən özün bu pyesdə hansısa dəyişikliklər etmisən?

Bilirsiniz ki, teatrda istənilən pyesi səhnələşdirmək üçün müəyyən dəyişikliklər etməlisən. Təbii ki, mən dəyişikliklər etməzdən öncə müəllifə xəbər verdim və onunla razılığa gəldik. Bunun ardından pyesdə müəyyən dəyişikliklər etdim.

-Belə anlaşılır ki, sənin səhnələşdirdiyin tamaşada aktyor oyunu daha böyük önəm daşıyır. Məhz aktrisanı hansı özəlliklərinə görə seçdin?

-Haqlısınız, bu tamaşada aktyor oyunu çox önəmlidir. Mən əvvəlcə idmanla məşğul olan bir qızı bu tamaşada baş rolda görürdüm. Ancaq onun vaxtının olmaması məni bu fikrimdən daşındırdı. Hazırda bu rolu oynayan aktrisa da öz obrazını kifayət qədər yaxşı canlandıra bilir.

-Niyə seçim edərkən məhz “Aslanın erkəyi dişisi olmaz” pyesini seçdin?

Daha çox burada baş verən hadisələrin mənim düşündüklərimə yaxın olması məni bu pyesi seçməyə məcbur etdi. Hazırda bu seçimimə görə peşman deyiləm. İlk dəfə mən bu pyesi oxuyanda onun səhnə həllini fikrimdə canlandıra bildim. Ona görə mənim üçün daha rahat göründü.

-Elgün, qeyd etdin ki, 3-cü kurs tələbəsisən. Bu günə kimi bu sahədə hansısa bir uğur əldə edə bilmisən? Əslində, elə də ciddi bir uğurum olmayıb. Sadəcə, sonuncu dəfə Qazaxıstanda keçirilən festivalda iştirak hüququ əldə etmişik. Belə ki, ADMİU-da bu festivala görə bir neçə tamaşa qoyuldu və bizim qoyduğumuz tamaşa daha uğurlu hesab edildi. Bizi Qazaxıstana göndərdilər. İnşallah, gedib orada iştirak edəcəyik.

-Bəs universitet xaricində heç bir fəaliyyətin olmayıb?

Əslində “Yuğ” teatrının tərkibində fəaliyyət göstərən “Gənclər Studiyası”nın üzvlərindən biriyəm. Və bir neçə tamaşada epizodik rollar ifa etmişəm. Düşünürəm ki, hələ mənim qazana biləcəyim uğurlar qabaqdadır. Çünki hazırda mən özüm bu peşəni öyrənirəm.

-Və sonda, hazırladığın tamaşanın hansısa bir uğur əldə edəcəyinə inanırsan?

Təbii ki, inanıram. Ən azından inamım olmasa, bu işə başlamazdım. Allahın köməkliyi ilə uğur əldə edəcəyimizə daha çox inanıram və yəqin ki, elə də olacaq.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR