Həqiqətin itdiyi məqam…

Həqiqətin itdiyi məqam…
Bütün Xəbərlər
13:58 03.07.2013
1398

Azər Niftiyev

Müxalifətin hər seçkiöncəsi yaratdığı birliklərdən fərqli olaraq Milli Şuranın siyasi palitrası həm də sabiqlərlə zəngin oldu. Bu Şurada vaxtilə hakimiyyətin alovlu təbliğatçılarından olmuş keçmiş məmur və deputatlarla yanaşı müxtəlif kriminal olaylarda adı hallanan, dövlətə məxsus sərvətlərin talanmasında iştirak edən, müxalifətin özü tərəfindən mitinqlərin dağıdılması, zorakı əməllərdə təqsirləndirilən şəxslər də yer aldı.

Əslində nə baş verirdi və onları Milli Şuraya gətirən səbəblər nə idi?

Rüstəm İbrahimbəyov: Cəsarətin bitdiyi ünvan…

Avropalı psixoloq Ziqmund Freyd deyir ki, psixoloji elementlər 15-20 ildən bir dəyişir və hər hansı fərddə bu proses daha sürətlə gedirsə, o səmimi deyil. Rüstəm İbrahimbəyovun özü iddia edir ki, 2003-cü ildə İlham Əliyevin qələbəsinə ən çox sevinənlərdən biri o olub. Üzərindən 10 il keçəndən sonra isə İlham Əliyevi saymadığını, onun hakimiyyət olimpindən uzalaşdırılmasının vacibliyini bəyan edir. Freydin məntiqi ilə qeyri-səmimi kateqoriyada yer alan R.İbrahimbəyovun bu xüsusiyyətini anlamaq üçün heç avropalı psixoloqun araşdırmalarını vərəqləməyə gərək yoxdur. Neyçün ki, cənab İbrahimbəyov müxalif mətbuata palaz-palaz müsahibələrində açıq şəkildə bildirir ki, o iqtidarla itirdiklərinin qisasını almaq üçün intriqa aparır və yəqin ki, onları geri ala bilsə, öz iddialarından əl çəkəcək. Amma reallıq ondan ibarətdir ki, Azərbaycan qanunlarla idarə olunan ölkədir və burada kiminsə xətrini xoş etmək üçün qanunlar ayaq altına atıla bilməz. Əgər İbrahimbəyov haray çəkdiyi millətini həqiqətən sevirdisə, o halda onun büdcəsini də sevməli və vergiləri vaxtlı-vaxtında ödəməli idi. Yoxsa şıltaq və ərköyün İbrahimbəyova elə gəlirdi ki, ona eynən saraylardakı alqışlarda olduğu kimi, “gözün üstə qaşın var” deyən olmayacaq. O yanılmışdı və həqiqtətin gözünün içinə dik baxmalı olduğu zamanda şantaja, qərəzə və böhtana əl atdı. Bu isə nə ziyalı adı ilə, nə də onun daşıdığı statusla bir araya sığır. Hikkəli və təkəbbürlü dramaturq öz ədəbi fəaliyyətində canlandırdığı faciələri bu dəfə torpaqlarını itirmiş qarabağlıların üzərində sınaqdan keçirdi. “Ermənilər gedəndən Bakı öz yaraşığını itirib, mən onlar üçün darıxıram” deməklə, həm öz mahiyyətini, həm də aldığı sifarişlərin ünvanını ortaya qoydu. Rüstəm İbrahimbəyov istedadlı dramaturq ola bilər, amma ağıllı siyasətçi deyil. Bunun üçün onun son müsahibəsi zamanı səsləndirdiyi məqamlara nəzər salmaq kifayətdir: “Mən Bakıya gəlməyə qorxuram”. Cənab İbrahimbəyov, sən artıq özünü bitirdin! Səni ən yaxşı halda İsa Qəmbər və Rəsul Quliyevin aqibəti gözləyə bilər ki, onlar hakimiyyətə yarınmaq üçün qapıda növbə gözləyirlər.

Eldar Namazov: Xarizmanın çökdüyü ünvan…

Saytlardan biri Milli Şuranın yığıncağında Eldar Namazovun Dövlət Himni oxunan zaman susqunluğunu və pencəyinin düyməsini oynatmasını lentə alıb. Bunu yaydılar və məsələdən agah olan E.Namazov səsinin olmamasını söyləməklə vəziyyətdən çıxmağa çalışdı. Əvvəla Dövlət Himnini oxumaq hər kəsin borcudur. Bunun üçün xüsusi və məlahətli səsə sahib olmağa ehtiyac yoxdur. Görünür rusdilli Namazov üçün milli nəğmələr cəlbedici deyil və o himn oxumaqdansa, axşam evdə əcnəbi roklara və “rus nəğmələri”nə qulaq asmağı daha vacib sayır. Tam səmimi deyirəm, mənim üçün siyasətdə Eldar Namazov heç zaman ciddi fiqur olmayıb. O, bundan sonra yüz təşkilat yaratsa da, iki yüz təşkilatın rəhbərliyində təmsil olunsa da, elə Eldar Namazovdur. Eynilə ulu öndər Heydər Əliyevin dediyi kimi: “Dilarə Seyidzadə ondan daha yaxşı və səliqəli protokol yazır, Eldar isə səliqəsiz idi”.

Cəmil Həsənli: Mandatın itdiyi ünvan…

AXCP-də mandatla bağlı müzakirələrin getdiyi 2005-ci ildə partiya rəhbərliyində təmsil olunan və mandat qazanan Cəmil Həsənli susur, susmaqla öz mandatını qorumağa çalışırdı. 2000-ci ilin mandat alverçisi Əli Kərimli beş il sonra özünün ləğv olunan mandatından dolayı AXCP-nin parlamentə getməsinə “qırmızı işıq” yandırdı. Onun bununla bağlı qərarından sonra Cəmil Həsənli yoxa çıxdı. O, daha AXCP-də gözə dəymirdi. Onu ancaq universitetlərdə və Elmi Tədqiqat İnsitutlarında görmək olardı. AXCP professor Həsənlidən konkret mövqe ortaya qoymağı tələb edəndə isə o öz qəti sözünü dedi və qırmızı kürsüdə əyləşməyi üstün tutdu. Deputat olduğu dövrdə əmisioğlu Fərhad Əliyevin hüquqlarını belə qorumayan Həsənliyə seçicilər “stop” deyəndə o, birdən-birə qatı müxalifətçiyə çevrildi. Kamera qarşısında Ramiz Rövşənin “Vətən” şerindən “təsirlənən” C.Həsənli inkişaf etdiyi vətənindən dolayı deyil, itirmiş olduğu mandat xatirələrindən xəyala dalırdı.

Əkrəm Əylisli: Milli hisslərin getdiyi ünvan…

Yəqin ki, Müsavat başqanı İsa Qəmbərin müşaviri və sonradan iqtidaryönlü deputat olan Əkrəm Əylisli haqqında danışmağa belə dəyməz. O, artıq özü də kim olduğunu bilir və səhnədən çəkilməklə, öz siyasi və ədəbi məhvi ilə barışıb. Azərbaycan cəmiyyətində Rüstəm İbrahimbəyovdan, Leyla Yunusdan, Arif Yunusdan və ondan başqa heç kim erməni dəyirmanına bu şəkildə su tökməmiş, özünü alçaq və rəzil vəziyyətə qoymamışdı.

Əli İnsanov: Quldurluğun ötdüyü ünvan…

2004-cü ildə ürək xəstəsi olmayan və ümumiyyətlə bu xəstəliyin simptomlarını belə daşımayan yaxın qohumlarımdan birinə “infarkt” diaqnozu qoyulmuşdu. Onun bu diaqnozun yalan olması ilə bağlı iradına “ürək həkimi” “Biz dərman satmalıyıq. Sən sağlam, o sağlam, bu sağlam, biz bu dərmanları kimə sırıyaq” demiş və bu da öz növbəsində qohumumun haqlı narazılığına səbəb olmuşdu. Əsəbiləşən qohumumun şikayət edəcəyi ilə bağlı iradına isə həkim “Mən bilirsən kimin qohumuyam, Əli İnsanovun. Ağıllı ol, başını dərdə soxma” deyərək, onu otaqdan qovmuşdu. Bu adamın hüquqlarını qoruyan iki komitə sədrinin ikisi də dələduzluq maddəsi ilə həbsdə yatıb və onlardan birinə (Şəmsiyyə Bəylərqızı) bugünlərdə 10 il iş kəsilib. Əli İnsanovu müxalifətdə də sevmirlər, sadəcə pulu var, bu pulun işə yarayacağına ümid edirlər.

Hüseyn Abdullayev: Kriminalın “təpdiyi” ünvan…

İdmançı tanışlardan biri deyir ki, Hüseyn Abdullayevin adamları heç də uzaq olmayan keçmişdə ona “padxod” ediblər və “Quska”nın adından mitinqləri dağıtmaq üçün pul təklif ediblər. O bu təklifə “hə” desə də, sonradan “Quska”ya yuxarı dairələr tərəfindən edilən xəbərdarlıq bu anlaşmanı pozub. Bu gün siyasətdə öz adı xaricində çağırılan bir isim varsa, o da Hüseyn Abdullayevdir. “Quska” sözünün hansı məna daşıdığını bilməsəm də, onun parlamentdəki məşhur dava zamanı səsləndirdiyi söyüşləri heç kəs unutmayıb. “Mən 9 milyon aldadılmış xalqın adından danışıram” ittihamına qarşılıq verən Fəzail Ağamalının “Bu özündən qəhrəman düzətməyə çalışır” replikasına (Halbuki Fəzail Ağamalını müdafiə etmək niyyətindən uzağam) nəsil və nəcabət söyüşü şəklində cavabı onun elə həqiqətən “Quska” olduğunu ortaya qoyurdu. Hüseyn bəy ərz edir ki, hər şeyin zamana ehtiyacı var. Hüseyn bəy, zaman artıq öz sözünü deyib və bu gün sən iqtidarda təmsil olunmursansa və sənə öz yerin göstərilibsə, bu artıq zamanın qələbəsidir. “Marş”ı zamanında yazarlar Hüseyn bəy! İndi sənin yazdığın “Marş” nəinki cəmiyyətə, heç bu “Marş”ı ifa edən “Şeron” qrupuna da gərək deyil.

OXŞAR XƏBƏRLƏR