Hər evdə var, amma bu təsirini çoxları bilmir

Hər evdə var, amma bu təsirini çoxları bilmir
SOSİAL
15:44 12.09.2026
70
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə edilib.
 
Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsinin beyin funksiyalarına təsiri öyrənilib.

"Antioxidants" jurnalında dərc olunan tədqiqata 42 orta yaşlı insan cəlb edilib. İştirakçılar üç ay ərzində hər gün 35 qram tomat pastası qəbul ediblər. Araşdırmanın sonunda aparılan testlərdə iştirakçıların seçici diqqət göstəricilərinin yaxşılaşdığı, yaddaşlarında isə cüzi müsbət dəyişikliklərin olduğu müəyyən edilib.

İştirakçıların bir hissəsində aparılan beyin müayinələri də likopen səviyyəsinin artması ilə beynin müxtəlif nahiyələri arasındakı əlaqələrdə dəyişikliklərin baş verdiyini göstərib. Qan analizləri zamanı tomat pastası qəbul edilən dövrdə qanda likopenin miqdarının əhəmiyyətli dərəcədə artdığı müəyyən olunub. Beynin inkişafı və fəaliyyətində rol oynayan BDNF zülalında da artım tendensiyası müşahidə edilib.

Mütəxəssislər bildirirlər ki, pomidorun bişirilməsi likopenin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır. Bu səbəbdən bişmiş pomidor və tomat pastası çiy pomidorla müqayisədə daha əlçatan likopen mənbəyi hesab olunur.

Alimlər nəticələrin ümidverici olduğunu, lakin tomat pastasının beyində yaratdığı dəyişikliklərin uzunmüddətli təsirini müəyyən etmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayıblar.

//milli.Az
OXŞAR XƏBƏRLƏR