Hərbi prokuror: 'Bu cinayət cəzasız qalmayacaq...'

Hərbi prokuror:
Bütün Xəbərlər
12:06 22.02.2012
1593
“Xocalı faciəsinin təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına nail olunacaq”“Qəribə burasıdır ki, yaşadığımız dövrdə, hazırda da faciənin yüzlərlə canlı şahidlərinin həyatda olduqları bir vaxtda, video çəkilişlərin, o cümlədən xarici ölkələrin media mənsubları tərəfindən çəkilmiş fotolar, video görüntülərin mövcud olduğu halda, Xocalı, Qaradağlı və başqa şəhər və kəndlərdə azərbaycanlıların erməni faşistləri tərəfindən soyqırımına məruz qalmaları görməməzliyə vurulur, amma 100 il əvvəl törədildiyi iddia olunan və heç bir tutarlı dəlillərə söykənməyən məsələyə belə canfəşanlıqla qərəzli münasibət bildirilir”.AZXEBER.COM-un verdiyi məlumata görə, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev söyləyib. Xanlar Vəliyev deyib ki, məsələnin hüquqi tərəfi bir yana qalsın, əslində Türkiyədə erməni qırğını faktının olmaması nəinki müasir dövrümüzün tədqiqatçıları, bilavasitə I Dünya müharibəsindən sonra araşdırma aparmış nüfuzlu tədqiqatçılar tərəfindən də tamamilə təsdiq olunub. Onun sözlərinə görə, I Dünya müharibəsinin qalibləri tərəfindən, konkret olaraq Böyük Britaniya Krallığı Baş Prokurorluğu tərəfindən ermənilərin sərsəm iddiaları ilə bağlı, erməni qırğınını törətdikləri iddia olunan 100-dən çox türk haqqında bir sıra dövlətlərin ərazisində araşdırma aparılıb. Qafqazda, İraqda, Misirdə və digər yerlərdə 2 il ərzində aparılmış bu araşdırmaların nəticəsi olaraq Krallığın Baş Prokurorluğu “Ermənilərin qətlə yetirilmələri ilə bağlı hüquqi baxımdan heç bir keçərli dəlil tapılmayıb” qərarına gəlib və məsələnin hətta hüquq məhkəməsində araşdırılmasına yer olmadığı” barədə rəy verməklə, “Osmanlı torpaqlarında ermənilərin qətl edilməsilə bağlı cinayət işi başlanmasına əsas olmadığını” 29 iyun 1921-ci il tarixdə İngiltərə hökumətinə bildirilib. Böyük Britaniya Krallığı Baş Prokurorluğunun bu qərarı əslində “Erməni soyqırımı olmayıb” demək üçün əsas verən sanballı bir sənəddir və ermənilərin iddialarını darmadağın edir: “Paradoks ondadır ki, 1915-ci ildə məlum toqquşmalar zamanı əslində ermənilər tərəfindən daha çox türklər öldürülüb. Lakin bu məsələyə ikili standartlar mövqeyindən yanaşılmaqdadır”.Hərbi prokuror qeyd edib ki, belə ikili standartların olmasını ingilis tarixçisi Andrey Manqo özünün “Sultandan Atatürkə - Türkiyə” əsərində olduqca yığcam və obyektiv şəkildə şərh edərək göstərir ki, 1915-ci il olaylarında qəti dəqiq rəqəmlərə görə ermənilərə nisbətən daha çox müsəlman (türk və kürd) Anadoluda can verib. Fəqət yalnız ermənilərin çəkdikləri sıxıntılar yetərincə qeydə alınıb: “ABŞ Osmanlı İmperiyasına qarşı savaşa girmədiyi üçün həmin bölgədə amerikan missionerlər və konsullar, eləcə də alman əsgərlər və mülki şəxslər də ermənilərə qarşı olan hadisələrə şahidlik etdilər. Ancaq müsəlman əhalisinin yaşadığı sıxıntılar, onlara qarşı törədilən hadisələr qərb müşahidəçiləri tərəfindən görməzliyə vurulub”.Xanlar Vəliyev bildirib ki, insanlara qarşı törədilən vəhşiliklərə, soyqırımına təqsirkarın və zərərçəkənin kimliyinə, onun müsəlman, xristian və ya başqa inanc sahibi olduğuna görə deyil, törədilmiş cinayətə görə qiymət verilməlidir. Orta əsrlər dövrünün kriteriyaları çoxdan keçib, indi XXI əsrdir. Çox təəssüf ki, özünü demokratiyanın beşiyi hesab edən Fransa kimi ölkələrdə bu təkzibedilməz həqiqətlər bəzən qəsdən qulaqardına vurulur: “ Erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma “erməni soyqırımı”nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması sahəsində göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə hər bir azərbaycanlının üzərinə böyük məsuliyyət düşür. Öz haqlarımızı qətiyyətlə müdafiə etməli, haqlarımızı pozanları isə cəzalandırmalıyıq. Bunun mümkünlüyü haqqında yox, vacibliyi haqqında düşünməliyik və ardıcıl olaraq bu məqsədlərə doğru getməliyik! Yolun uzun və çox çətin olacağı bizi ruhdan salmamalıdır. Amma gərəkdir ki, haqlı olmaqla yanaşı, inandırmağı da bacaraq. Hər kəs nə istədiyimizi və istədiyimizə nail olmaq üçün necə çalışacağımızı aydın anlamalıdır”.Hərbi prokuror qeyd edib ki, sübutların toplanmasında və dəyərləndirilməsində xeyli çətinliklər ola bilər və var: “Amma problem bunda da deyil! Başqalarını inandırmağı bacarmaq lazımdır! Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Hər il Prezident Administrasiyası tərəfindən müvafiq tədbirlər proqramı təsdiqlənir və icra edilir. Xocalı soyqırımının, insanlığa və Azərbaycan xalqına qarşı törədilmiş bu vəhşi cinayətin ifşa olunması, onu törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin indiyə qədər yürütdüyü daxili-xarici siyasətin əsas prioritet istiqamətlərindən biridir. Faciənin 20-ci ildönümü münasibətilə cənab Prezident İlham Əliyev 17 yanvar 2012-ci il tarixdə xüsusi sərəncam imzalayıb. Sərəncamda faciənin 20-ci ildönümünün qeyd olunması, Xocalı faciəsinin bütünlüklə dünya ictimaiyyətinə çatdırılması, dünya ictimaiyyətində bu faciəyə ədalətli münasibətin formalaşdırılması, dünya parlamentlərində bu qətliamın pislənməsi və yaxud mümkün olan yerlərdə faciənin soyqırımı kimi tanıdılması Azərbaycanın xarici və daxili siyasətinin prioritet istiqaməti olaraq vurğulanır. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev də xüsusi sərəncam imzalayıb. Həmin sərəncam daxili və xarici mexanizmləri işə salmaq, Prezident İlham Əliyevin sərəncamından irəli gələn məsələləri həll etmək məqsədi daşıyır. Bu işlər başlanıb və davam edir. Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn normaları, ədalət Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı dərk edir. Beynəlxalq birliyin tamhüquqlu üzvü olan Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə uzun müddət barışmaq niyyətində deyil!”
OXŞAR XƏBƏRLƏR