"İlk dəfə bu yarışda 77 kq-da çıxış etdim. Çəkim hazırda 75 kq-dır. Ona görə də heç kim məndən medal gözləmirdi”.
AzxeberSport-un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sənan Süleymanov deyib.
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında qızıl medal qazanan gənc pəhləvan təəssüratlarını Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb: "Heç mən özüm də fəxri kürsüyə qalxacağıma inanmırdım. Bu da rahat və heç bir təzyiq hiss etmədən güləşməyə imkan verirdi. Görüşdən-görüşə inamım artdı. İlk qarşılaşmada Bolqarıstanı təmsil edən erməniyə qalib gəldim. Yarımfinalda qarşılaşdığım erməni həm fiziki cəhətdən, həm də təcrübəsinə görə məndən üstün idi. Ancaq onu da məğlub etməyi bacardım. Finalda zərrəcə həyəcan keçirmirdim. Xalçada bacardığımı ortaya qoyub, bayrağımızı dalğalandırdım”.
Süleymanov qitə birinciliyindəki uğurunu ailəsinə həsr etdiyini söyləyib: "Çəkim az olduğu üçün parterdə xal qazanmaq şansımın yüksək olmadığını bilirdim. Ona görə də çalışırdım ki, ayaqüstə xallar alım. Məşqçilərə mənə bu yarışda etimad göstərdikləri üçün minnətdarlığımı bildirirəm. Məsləhət olsa, bundan sonra da 77 kq-da güləşmək istərdim. Qələbəmi buna sevinən hər kəsə, ən başda da ailəmə həsr edirəm.