İlham Əliyev: "Biz Türkiyə ilə həmişə bir yerdə hərəkət etmişik, orada da bir olacağıq”
Bütün Xəbərlər
17:10 25.10.2011
1899
“Azərbaycan hökuməti Vanda zəlzələ baş verdiyini eşidən kimi Türkiyəyə yardım etməyi özünə borc bildi”Azərbaycan prezidenti İlham Əliyev İzmir vilayətinin Əliağa rayonu ərazisində “Petkim”-in ortaqları olan ARDNŞ və “Turcas”-in birgə inşa edəcəyi neft-kimya müəssisəsinin təməlqoyma mərasimində çıxış edib. APA-nın Türkiyə müxbiri İzmirdən xəbər verir ki, Azərbaycan prezidenti nitqinin əvvəlində Türkiyədə baş verən zəlzələyə görə baş nazir Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Dövlət başçısı deyib ki, Van bölgəsində zəlzələ baş verməsi barədə xəbəri eşidən kimi Azərbaycan hökuməti yardım etməyi özünə borc bilib: “Hökumətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının da zəlzələ bölgəsinə yardım göstərməyə hazır olması bizi sevindirir. Biz bir millət iki dövlətik”. Azərbaycanın son illərdə inkişafı barədə danışan prezident İ. Əliyev son ilər Türkiyədə gedən inkişafdan da danışıb, bunu Ərdoğan hökumətinin uğuru adlandırıb. Azərbaycan prezidenti son illərdə iki ölkə arasında əsası qoyulan böyük layihələrdən - Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz, Bakı-Tiflis-Qars dəmir yolu və s. haqda da danışıb. Dövlət başçısı Türkiyənin “Petkim” şirkətinin özəlləşdirilməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifini qəbul etməsini də müsbət dəyərləndirib: “Biz də buraya hər zaman investisiya qoymaqdan, onu böyütməkdə çox məmnunuq. Bu gün burada neft-kimya müəssisəsinin, eləcə də Heydər Əliyev adına Texniki Peşə Məktəbinin təməlinin qoyulması bizi çox sevindirir. Biz iki böyük liderin - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin əsasını qoyduğu doğru yolla gedirik. Bu yol bizi uğurlu gələcəyə aparacaq”.