İlham Əliyev 'Biz öz gücümüzə, Azərbaycan xalqının iradəsinə və Azərbaycan Ordusunun gücünə güvənirik'
Bütün Xəbərlər
08:43 25.12.2012
1161
“Uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilir. Xocalı soyqırımı artıq üç ölkə tərəfindən rəsmi qaydada soyqırımı kimi tanınıb. Əminəm ki, bu ölkələrin sayı getdikcə artacaqdır. Azərbaycanın haqq işi bütün beynəlxalq təşkilatların qətnamələri, qərarları ilə təsdiqlənir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, digər beynəlxalq təşkilatların qərarları, qətnamələri var ki, işğalçı erməni qüvvələri bizim torpaqlarımızdan geri çəkilsin. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və hələ ki, torpaqlarımız işğal altındadır. Məsələnin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyində heç bir dəyişiklik yoxdur, ola da bilməz. Bizim mövqeyimiz tarixi ədalətə və beynəlxalq hüquq normalarına əsaslanır”.AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıtda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binalarının istifadəyə verilməsi mərasimində deyib. Onun sözlərinə görə, tarixi ədalət ondan ibarətdir ki, Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır: “Əsrlər boyu Azərbaycan xalqı o torpaqlarda yaşayıb, yaradıb. Bugünkü Ermənistan Respublikası tarixi Azərbaycan torpaqlarında yaranıb. Bu, tarixi sənəddir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək haqqında qəbul edilmiş qərar idi. Bu qərar haqqında mən fikirlərimi dəfələrlə bildirmişdim. Bu gün də demək istəyirəm ki, bu, böyük səhv və böyük cinayət idi. Ancaq bu, tarixi həqiqətdir. İrəvan xanlığı bizim tarixi torpağımızdır. Azərbaycanın tarixi torpaqlarında bir dəfə qondarma erməni dövləti yaradıldı, keçən əsrin əvvəllərində. Bu zəmanədə, indiki şəraitdə ikinci qondarma erməni dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılmasına biz heç vaxt imkan verə bilmərik. Bu, heç vaxt olmayacaq”.İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağ müstəqil qurum kimi dünya birliyi tərəfindən tanınmır və kriminal rejim tərəfindən idarə olunan qondarma qurumun gələcəyi yoxdur: “Çünki bu gün Azərbaycan bölgə məsələlərinin həllində həlledici sözə sahib olan bir ölkədir. Azərbaycanın imkanları, potensialı, ordumuzun gücü və siyasi çəkimiz artır. Bu gün Azərbaycan dünya məsələlərinin həllində öz rolunu oynayır, dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ilin may ayında bu quruma rəhbərlik edib, dünyada gedən bütün məsələlərlə bağlı öz prinsipial və qətiyyətli mövqeyini bildirib”.