BAKU AZƏRBAYCAN
14°C
euro 1.8595
dollar 1.7000
rubl 0.0229
lirə 0.2543

İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycandır"

İlham Əliyev:
SİYASƏT
21:25 20.02.2020
4677
İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycandır"" />
"Bu gün həm təkbətək görüş zamanı, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir daha əmin oldum ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də geniş tərkibdə görüşdən sonra İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"Sizin Azərbaycana rəsmi səfərinizi məmnuniyyətlə xatırlayıram. Həmin səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan vermişdir və səfər zamanı əldə edilmiş bütün razılaşmalar bu gün həyatda öz əksini tapır. Bu gün çoxsaylı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Onların hər biri çox önəmlidir, bir çox sahələri əhatə edir. Ancaq mən xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var.
 
Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir. İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır.
 
Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycandır: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir.
 
Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq. O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir.
 
Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

OXŞAR XƏBƏRLƏR