Potensial geosiyasi və iqtisadi risklər Mərkəzi Asiya regionunun neft ixrac edən ölkələrinə, ilk növbədə, Azərbaycan, Qazaxıstan və Türkmənistana müsbət təsir göstərəcək.
AZXEBER.COM xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Kardarelli fondun Yaxın Şərq və Mərkəzi Asiya dövlətləri üzrə regional iqtisadi icmalının Özbəkistanda keçirilən təqdimatında bildirib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyat üçün mövcud təhdidlərə və artan enerji xərcləri nəticəsində inflyasiya təzyiqinin artması ehtimalına baxmayaraq, xammal bazarlarındakı konyunktura və regionun neft ixrac edən ölkələri üçün ortamüddətli gözləntilər iqtisadi inkişafın müsbət vektorunu yaradır.
"Regionun neft idxalçıları, o cümlədən Özbəkistan üçün artım baza proqnozundan təxminən 0,5 % aşağı olacaq. Təbii ki, daha yüksək enerji xərclərinə görə inflyasiya hər bir ölkədə yüksək olacaq", - R.Kardarelli qeyd edib.











































