Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 17 yaşlı oğlan qəfil dünyasını dəyişib. İlkin məlumata görə, 2009-cu il təvəllüdlü Qasım Ziyəddin oğlu Musayev yaşadığı evdə infarkt keçirib və hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Yeniyetmənin ölümü gənclərin ürək sağlamlığı ilə bağlı sualları yenidən gündəmə gətirir. Əvvəllər daha çox yaşlı insanlarla əlaqələndirilən bu problemin gənc yaşlarda da baş verməsi narahatlıq doğurur.
Bəs infarkt niyə gənc yaşlarda da baş verir? Tez-tez səslənən "infarkt cavanlaşır” fikri nə qədər doğrudur?
Kardioloq Zaur İslamov AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycanda infarktın cavanlaşmasının bir neçə səbəbi var:
"Azərbaycanda infarktın cavanlaşmasının bir neçə səbəbi var. Birincisi, azərbaycanlılar hələ də profilaktik tibbi müayinələrdən keçmir və bu barədə kifayət qədər maarifləndirmə işi aparılmır. İkincisi, hərəkət məhdudiyyətidir. Komfortlu texnogen həyat tərzi fiziki aktivliyi azaldır. Bu isə artıq çəkiyə və onunla bağlı ürək-damar xəstəliklərinə səbəb olur”.
"Digər səbəb kalorili qidaların çox qəbul edilməsidir. Bu, artıq çəkiyə, insulinrezistentliyə, lipid mübadiləsinin pozulmasına və digər problemlərə gətirib çıxarır.
Son olaraq, yüksək stress səviyyəsini qeyd etmək olar. Böyük şəhərlərdə insanlar dayanmadan, davamlı stress şəraitində yaşayırlar. Siqaret çəkmək, alkoqol və digər zərərli vərdişlər də öz rolunu oynayır. Bütün bunları nəzərə alsaq, səbəblər aydın olur”,-deyə kardioloq bildirib.
Şahanə Ziyad










































