İnsanlar niyə gənc yaşda həyatını itirir? – Azərbaycanda diqqətçəkən statistika

İnsanlar niyə gənc yaşda həyatını itirir? – Azərbaycanda diqqətçəkən statistika
SOSİAL
12:39 23.11.2026
107
Son illər gənc və orta yaşlı insanların qəfil vəfat etməsi, ürək tutmaları, insult və xərçəng kimi xəstəliklərin daha erkən yaşlarda aşkarlanması cəmiyyətdə ciddi narahatlıq yaradır. Bəs insanlar niyə daha gənc yaşlarda həyatını itirir? Müasir həyat tərzi, stress, qeyri-sağlam qidalanma, yoxsa vaxtında aşkarlanmayan xəstəliklər?

Dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalar vaxtından əvvəl ölümlərin əsas səbəbləri arasında ürək-damar xəstəlikləri, xərçəng, diabet, piylənmə və fiziki hərəkətsizliyi göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2025-ci ildə açıqladığı məlumatlara görə, 2021-ci ildə dünyada 70 yaşına çatmamış 18 milyon insan qeyri-infeksion xəstəliklərdən dünyasını dəyişib. Siqaret, hərəkətsizlik, qeyri-sağlam qidalanma və havanın çirklənməsi əsas risk faktorlarıdır.

2025-ci ildə BMJ jurnalında dərc edilən və 200 ölkəni əhatə edən araşdırmaya əsasən, 2024-cü ildə dünyada 5–24 yaş aralığında təxminən 2,1 milyon insan həyatını itirib.

Alimlərin diqqət yetirdiyi digər məsələ 50 yaşdan aşağı şəxslərdə xərçəng hallarının artmasıdır. 2021-ci ildə 15–49 yaşlı insanlarda 3,16 milyon yeni xərçəng hadisəsi qeydə alınıb, təxminən 989 650 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

Azərbaycanda gənclər arasında ölüm halları azalır

Dövlət Statistika Komitəsinin 2026-cı ildə dərc etdiyi statistik məcmuəyə əsasən, Azərbaycanda 15–29 yaşlı şəxslər arasında ölüm halları son illərdə azalıb.

Belə ki, 2023-cü ildə bu yaş qrupunda 845, 2024-cü ildə 668, 2025-ci ildə isə 589 ölüm qeydə alınıb. Ötən il vəfat edənlərin 412-si kişi, 177-si qadın olub.

Gənclər ən çox hansı səbəbdən ölür?

Statistika göstərir ki, Azərbaycanda 15–29 yaşlı gənclər arasında ölümün əsas səbəblərindən biri travmalar, zəhərlənmələr və digər xarici amillərdir. 2025-ci ildə hər 100 min nəfərə düşən ölüm göstəricisi kişilərdə 41,2, qadınlarda isə 10,4 olub.

Yol-nəqliyyat hadisələri də ciddi narahatlıq doğurur. 2025-ci ildə Azərbaycanda yol qəzalarında ümumilikdə 689 nəfər həyatını itirib. Onlardan 15–24 yaş aralığında olan 87 nəfər gənc olub.

Gənclər arasında xərçəng halları

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 14–29 yaşlı şəxslər arasında ilk dəfə bədxassəli şiş diaqnozu qoyulanların sayı 2023-cü ildə 296, 2024-cü ildə 393, 2025-ci ildə isə 326 nəfər olub. 2025-ci ildə yeni diaqnoz qoyulanların 168-i kişi, 158-i qadındır.

ÜST-nin Azərbaycan üzrə 2023-cü il qiymətləndirməsində ürəyin işemik xəstəliyi əsas ölüm səbəbi kimi göstərilir. İnsult, qaraciyər sirrozu, ağciyər xərçəngi və diabet də əsas səbəblər sırasındadır.

Bəs əsas risk faktorları hansılardır?

Qeyri-sağlam qidalanma, artıq çəki, fiziki hərəkətsizlik, yüksək qan təzyiqi, xolesterin, siqaret, xroniki stress, yuxu pozuntuları və havanın çirklənməsi vaxtından əvvəl ölüm riskini artıran əsas amillərdir. Xəstəliklərin gec aşkarlanması və müalicənin gecikdirilməsi də təhlükəni artırır.

Dünya üzrə statistika bütün insanlarda ölüm yaşının cavanlaşdığını təsdiqləmir. Azərbaycanda isə 15–29 yaşlılar arasında ölüm hallarının son illərdə azalması müsbət göstəricidir. Bununla belə, travmalar, yol qəzaları, ürək-damar xəstəlikləri və xərçəng diqqətdə saxlanılmalıdır.

Mütəmadi tibbi müayinələr, düzgün qidalanma və fiziki aktivlik vaxtından əvvəl ölüm riskinin azaldılmasında mühüm rol oynayır.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR