İordaniyadan sonra İraqda da "Telegram" bloklanıb

İordaniyadan sonra İraqda da "Telegram" bloklanıb
DÜNYA
18:21 16.11.2026
84
İraqda "Telegram”ın fəaliyyəti ölkə üzrə bloklanıb.

İraqın Kommunikasiyalar və Media Komissiyası (CMC) "Telegram” mesajlaşma tətbiqinin ölkə ərazisində fəaliyyətinin bloklanması barədə qərar qəbul edib.

Komissiyanın açıqlamasında bildirilib ki, platformanın operatoru qanun pozuntuları ilə bağlı yayılan məzmunun aradan qaldırılması üçün zəruri tədbirlər görməyib və İraq qanunvericiliyinin tələblərinə əməl etməyib.

Komissiyanın məlumatına görə, şirkətə hüquqi statusunu qaydaya salmaq üçün 30 günlük möhlət verilib. Lakin bu müddət ərzində tələb olunan addımlar atılmadığından platformaya qarşı məhdudlaşdırıcı tədbir tətbiq olunub.

Bildirilib ki, bloklamanın əsas məqsədi şirkəti platformada yayımlanan İraq məzmununa nəzarəti gücləndirməyə, qanun pozuntularının qarşısını almağa və Komissiya ilə qanunvericiliyə uyğun əməkdaşlıq etməyə sövq etməkdir.

Komissiya qərarın, həmçinin sosial media platformalarından ekstremist çağırışların, təfriqə, zorakılıq və nifrətin təşviqinin, eləcə də kibercinayətlərin və milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərin qarşısının alınmasına xidmət etdiyini vurğulayıb.

Qeyd edək ki, İraqda bu qərarın elan edildiyi gün İordaniya da "Telegram” tətbiqinin ölkə üzrə bloklandığını açıqlayıb. İordaniya İctimai Təhlükəsizlik İdarəsi qərarın rəqəmsal təhlükəsizliyin gücləndirilməsi və onlayn platformalardan ekstremizm və radikallaşmanın yayılması məqsədilə istifadəsinin qarşısının alınması ilə əlaqədar olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR