İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev: "Bu nə sualdır verirsiz?"
GƏNCLİK
19:14 19.11.2011
3635
Bir neçə gündür mətbuat kafedra müdiri olan nazirlərin, komitə sədrlərinin, deputatların, yəni bir neçə vəzifəni icra edənlərin siyahısını dərc edir. AzadlıqRadiosu həmin kafedra müdirlərindən biri ilə söhbət etməyə qərar verib. Telefon xəttində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, İqtisad Universitetinin rektoru, eləcə də həmin universitetin beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri Şəmsəddin Hacıyevdir. Ona bir sualı iki dəfə təkrarlamalı oldum: - Həm deputat, həm rektor, həm də kafedra müdiri olmaq çətin deyil ki, bir neçə vəzifənin öhdəsindən gəlmək olurmu? - Bu nə sualdır verirsiz? Ümumiyyətlə başa düşmürəm. Əgər çatdıra bilmirəmsə, niyə işləyirəm? Həmin dəqiqə istefa verərəm. - Amma yəqin ki, tez-tez ezamiyyətlərdə, səfərlərdə olursuz. Bu, mane olmur ki? İşçilər bundan sui-istifadə etmirlər ki? - Mən ezamiyyətlərdə ildə bir dəfə oluram. Hökumət nümayəndəsinin tərkibində, ildə bir-iki dəfə. Daim işimin üstündə oluram. Burda bir xatırlatma. Bu günlərdə professor Rafiq Əliyev Dövlət Neft Akademiyasında avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən çıxarıldı. Neft Akademiyasının prorektoru Qasım Məmmədov «Mediaforum» saytına bunun səbəbini belə izah edib: «Rafiq Əliyev son vaxtlar uzunmüddətli xidməti ezamiyyətlərə gedir, ona görə də kafedranın idarə olunmasında müəyyən problemlər yaranıb... Kafedra müdiri yerində olmayanda, təbii ki, işçilər də bundan sui-istifadə hallarına yol verirlər. Zəng edirsən, lazım olan işçini də yerində tapmaq olmur». «BU «PROQUL»DUR... NİYƏ ŞİŞİRDİRSİZ?» Şəmsəddin Hacıyev bu haqda deyir: - Əgər sui-istifadə hallarına yol verirsə, işə az gəlirsə, vəzifə borcunu yerinə yetirmirsə, rəhbərlik neyləməlidir? Yaxşı alim də olmaq olar, yaxşı ziyalı da, insan da. Amma bir nömrəli vəzifə işini görməsidir. Bu vəziyyətdə rektor nə etməlidir? Əmək Məcəlləsinə görə, işçi bir gün ərzində müəyyən miqdarda öz iş yerində olmasa, bu nə sayılır? Keçmiş vaxtlarda buna «proqul» deyirdilər, yəni bu, işdən yayınmadır. Onda Əmək Məcəlləsinə görə, o işçi cəzalandırılmalıdır. Mən iki-üç gün işə gəlməsəm, bəyəm mənə dözməlidirlər? Bu nə deməkdir? Kimliyindən asılı olmadan... Bu ziyalıdır, alimdir, haçansa nəsə yazıb, lap yaxşı, əla. Niyə şişirdirsiz bunu? Üzrlü səbəb olmalıdır işə gəlməməsi üçün. - Amma o, elmi ezamiyyətlərdə olur. - Mən bilmirəm hansı ezamiyyətdə olub. Ümumən deyirəm ki, üzrsüz səbəbdən işdə olmursa, cəzalandırılmalıdır. - Amma Şəmsəddin müəllim, eyni zamanda nazir olub kafedra müdiri olanlar var, deputat olub kafedra müdiri olanlar var. Necə olur ki, beş yerdə işləyənlər çatdırır, həmin kafedralarda özbaşınalıq yaranmır. Məhz Rafiq Əliyevin kafedrasında özbaşınalıq yaranır. Bu qərəz deyilmi? - Mən öz universitetimizin misalında deyə bilərəm ki, başqa yerdə işləyib, bizdə tam ştatda olan işçi yoxdur. Əvəzçiliklə işləyənlər ola bilər. 900 nəfər professor-müəllim arasında 1-2 nəfər ola bilər. - Siz özünüz də kafedra müdirisiz İqtisad Universitetində. - Yox, kafedra müdirliyini artıq başqa adam icra edir. - Yəni müdirlikdən getmisiz?