'İran səfirini geri çağırıbsa, demək ki, təxribat olacaq' – AÇIQLAMA

Bütün Xəbərlər
14:28 22.05.2012
1197
Son günlərdə İran-Azərbaycan münasibətlərinin gərginləşməsi və nəhayət, mayın 21-də İranın Bakıdakı səfirini məsləhətləşmələr adı ilə geri çağırması iki ölkə arasında yeni siyasi situasiya yaradıb.Son hadisələri şərh etmək üçün bir neçə politoloqla əlaqə saxladıq.Politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, İran-Azərbaycan münasibətlərini yalnız son dövrdə gərginləşdiyini söyləmək yanlış fikirdir: “Azərbaycan müstəqillik əldə edəndən bəri, İranla daim gərginlik yaşayıb. Yalnız müəyyən zamanlar da qısa pauzalar görmüşük. İndi bu münasibətlər növbəti gərginlik dövrünü yaşayır. Bu o zamana kimi davam edəcək ki, İranda hakimiyyətə normal düşüncəli insanlar gəlsin. Guya bir neçə gün əvvəl səfirliyin qarşısındakı aksiyada onların Ali dini liderini təhqir etmişik. Əslində bunlar heç təhqirin nə olduğunu bimirlər. Deyirlər, İranın Ali dini lideri Qarabağla bağlı nə vaxtsa fətva verib. Bəs onda bu fətva niyə reallaşmır? Deməli, Ermənistan rəhbərləri ilə görüşən, qucaqlaşan İran prezidenti, nazirləri öz dini liderlərinə hörmətsizlik edirlər”.Politoloqun fikrincə, İran səfirinin geri çağırılması hansısa təxribatın olacağını xəbər verir: “Biz də gecikmədən İrandan diplomatik korpusumuzu geri çağırmalıyıq”.Politoloq Zərdüşt Əlizadə bildirib ki, İranın öz səfirini məslətələşmələr üçün çağırması, Azərbaycanla gələcək münasibətlərə öz təsiri göstərəcək: “İran tərəfi çox yaxşı bilir ki, Bakıda səfirlik qarşısında aksiya keçirilməsi üçün gərək hakimiyyətin buna razılığı və dəstəyi ola. Həmin mitinqdə də İranın Ali dini liderinin təhqir olunması, Azərbaycan hakimiyyətinin “müdrük”liyini göstərir. Buna görə də İran Azərbaycandan öz səfirini geri çağırdı. İranda da, Azərbaycan rəhbərliyinə qarşı bu cür təhqiramiz addımlar atılırsa, bu onu göstərir ki, İran tərəfi bizimlə münasibətlərə o qədər də diqqətli deyil”.Politoloq Elxan Şahinoğlu bildirib ki, İran səfirinin geri çağırılması münasibətləri daha da gərginləşdirəcək: “Yəqin, İran səfiri uzun müddət Bakıya qayıtmayacaqsa, bunun qarşılığında rəsmi Bakı da səfirini geri çağıracaq. Bu da münasibətləri daha da gərginləşdirəcək. Dünən də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun sərt çıxışı bunu göstərdi ki, vəziyyət heç də ürək açan deyil”.
OXŞAR XƏBƏRLƏR