İran Prezidenti Məsud Pezeşkian Sistan və Bəlucistan əyalətində polis zabitinin öldürülməsi ilə bağlı başsağlığı verib və hadisəni terror aktı adlandırıb.
Bu barədə İranın İRNA agentliyi məlumat yayıb.
M.Pezeşkian Sistan və Bəlucistan əyalətinin polis komandanının müavini, polkovnik-leytenant Nüsrət Eftexarinin Zahedan şəhərinin Çeşme Ziyarət bölgəsində öldürülməsini pisləyib.
Prezident bildirib ki, bu cür cinayətlər ölkədə təhlükəsizliyi qoruyan qüvvələrin əzmini sarsıda bilməz və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, terrorizmə və sabitliyi pozan qüvvələrə qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.
Pezeşkian məsul qurumları hadisənin bütün təfərrüatlarını təcili və ciddi şəkildə araşdırmağa, cinayəti törədənlərin və sifarişçilərin mümkün qədər tez müəyyənləşdirilməsinə çağırıb.
İran mediasının məlumatına görə, Eftexarinin avtomobili cümə günü Zahedan yaxınlığındakı Çeşme-Ziyarat kəndinə gedən yolda partladılıb. Hücum nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.
///teleqraf///











































