Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı seçkidə namizədliyinin qeydə alınmamasına münasibət bildirib.
Bu haqda sosal şəbəkədə yazan sədr məsələyə nöqtə qoymaq istədiyini bildirib: “ Günlərdən bəri səssizcə sosial medianı izləyirəm. Hər yazını oxuyuram, ancaq susuram. Bu gün susqunluğumu pozub, məsələyə nöqtə qoymaq istədim. İlk öncə bilməyinizi istəyirəm ki, səssizliyimin tək səbəbi sizə olan sayğımdır. Həyat yoldaşım Sabir Rüstəmxanlının bu ilki seçkilərdə iştirakı əngəllənəndən sonra hər bir Azərbaycan vətəndaşı kimi mən də millətimin səsi olmaq üçün bu marafona qoşuldum və Sumqayıt 42 saylı ikinci seçki dairəsindən MM-ə namizədliyimi irəli sürdüm. Mən ilk dəfə 2005-ci ildə seçkilərə qatılmışdım və çox uğurlu bir seçki kampaniyası aparmışdım. O zaman seçkilər daha demokratik keçirdi və hər hansısa bir əngəllə qarşılaşmamışdım. Sadəcə olaraq, bir evdən iki namizəd olmasın deyə, geri çəkilmişdim. Deməyim odur ki,mənim bu sahədə yetərincə təcrübəm var və qanunları yaxşı deyil, çox yaxşı bilirəm. Bilmədiyim isə oyunun yazılmamış qaydalarıymış ki, onu da bu seçki marafonu başlamamış önümə çəkilən əngəllər sayəsində öyrənmiş oldum. Təfərrüat qoy məndə sirr olaraq qalsın. Hər şər görünəndə xeyir, xeyir kimi görünəndə isə şər var. Bəlkə də dostlarım çox üzüldü, ancaq mən bu oyundan xeyirlə çıxdım”.
T. Rüstəmxanlı bu kimi hallarda ölkənin əleyhinə qalxmayacağını, yenə də öz yolunda davam edəcəyini bildirib: “Biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış insanlarıq. Mən 25 ildir ki, Türk Dünyasının birlik və bərabərliyi uğrunda mübarizə aparıram. Bu qarşılaşdığım ilk haqsızlıq olmadığı kimi, hamı bilsin ki, mən ayağı tapdalanan kimi ölkəsinin əleyhinə çıxanlardan olmadım, olmaram da. Sonda bir daha mənə imza verən və bunun üçün xırda məmurlar tərəfindən incidilən seçicilərimə təşəkkür edirəm və mənə görə yaşadıqları o əzab-əziyyətə görə, halallıq istəyirəm.
T. Rüstəmxanlı son günlər Nəqliyyat naziri Ziya Məmmədovla qohum olduqlarına dair yayılan məlumatlara da aydınlıq gətirib: “Bu günlərdə barəmizdə aparılan çirkin kampaniyalardan biri də nəqliyyat naziri Ziya Məmmədovla qohumluq əlaqəmizdir. Biz türk ailəsiyik və türk adət-ənənəsinə görə, ailə qurularkən qohumlar seçilmir. İki gənc bir-birini sevib, evləniblər. Bir şəxs vəzifədəykən onunla qohum olmağı şərəf sayıb, “vuruldu” şayiəsi çıxar-çıxmaz qohumluqdan vaz keçənlər də, bizi özləri ilə qarışdırmasınlar. Bəli, Ziya Məmmədovun qardaşı İldırımın qızı mənim gəlinimdir. Hər kəs bilsin ki, istənilən məqam-vəzifənin gözümdə qızımdan ayırmadığım gəlinimin və nəvəm Mələyin dırnağı qədər dəyəri yoxdur! Bu qədər çirkinləşməyin”.